Yekaterinburqda Azərbaycanın Müstəqillik Gününə və “Şuşa İli”nə həsr olunmuş mini futbol turniri keçirilib
Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun təşkilatçılığı, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni təşkilatının, habelə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGB) Sverdlovsk vilayətindəki nümayəndəliyinin təşkilatı dəstəyi ilə Yekaterinburq şəhərinin müxtəlif universitetlərində təhsil alan və 7 komandadan ibarət azərbaycanlı tələbələr arasında 28 May - Müstəqillik Gününə və “Şuşa İli”nə həsr olunmuş birinci mini futbol turniri keçirilib.

Turnirin rəsmi açılışı Azərbaycan və Rusiyanın Dövlət himnlərinin səslənməsi ilə başlayıb və Baş konsul Şöhrət Mustafayevin, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni təşkilatının sədri Şahin Şıxlinskinin və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadənin müsabiqə iştirakçıları qarşısında çıxışı ilə davam edib.

Turnirdə “AMOR”, “Azərbaycan-Ural”, Ural Tibb Universitetinin “Şuşa UNİTED”, Ural Dövlət Hüquq Universitetinin “Zəfər”, Ural Tibb Universitetinin “Futbovraçi”, Ural Federal Universitetinin “AzklubURFU”, Ural Dövlət İqtisad Universitetinin “UrGEUAzəri” komandaları iştirak ediblər. Bütün komandaların kapitanlarının bel nömrələri Şuşa şəhərinin simvolu olaraq 58 rəqəmi ilə müəyyən olunub.

Yarışın nəticələrinə görə, birinci yeri “AMOR”, ikinci yeri "AzklubUrFU", üçüncü yeri "Azərbaycan-Ural" komandaları tutublar.

Baş konsul Şöhrət Mustafayev və “Azərbaycan-Ural” İctimai Milli-Mədəni təşkilatının sədri Şahin Şıxlinski qaliblərə müsabiqə kubokunu, fəxri fərmanları, qiymətli hədiyyələri, habelə Baş konsulluq tərəfindən 1, 2 və 3-cü yerlər üçün müəyyən olunmuş pul mükafatlarını təqdim ediblər.

Xəbər 442 dəfə oxundu.