Vyeri «İnter»i neçə milyon ziyana saldı?
Futbol oynadığı dövrün sayılan qolçularından olan Kristian Vyeri formasını geyindiyi zamanlarda telefonlarını dinlədən köhnə klubu «İnter» və buna vasitəçi olan «Telecom» şirkətindən 1 milyon avroluq maddi təzminat almağa müvəffəq olub.

1999-2005-ci illər boyunca «İnter» formasını geyən Vyeri klubunun şəxsi həyatına müdaxilə etməsini və bu səbəblə depresiyaya düşdüyünü iddia edərək, Milan məhkəməsində «İnter» klubu və «Telecom» şirkəti əleyhinə işin qaldırılmasına nail olmuşdu. Milan məhkəməsinin verdiyi qərara görə, oyunçusunun telefonlarını dinlədərək xüsusi həyatını izləyən «İnter» klubu və «Telecom» şirkəti Vyeriyə 1 milyon avro təzminat və məhkəmə xərclərini ödəməyə məhkum olunub.

İdman.com.az saytının məlumatına görə, Vyerinin tələbi isə daha böyük idi. O, «Telecom» şirkətindən 12 milyon, «İnter»dən isə 9,25 milyon avro təzminat tələb edirdi. Onun vəkili Danilo Buongiorno müvəkkilinin yalnız ədalət istədiyini dilə gətirərək, məsələni İtaliya Futbol Federasiyasının nizm-intizam qurumunda da qaldıracaqlarını söyləyib.

Xəbər 939 dəfə oxundu.