Stolüstü tennisçilərimiz “Top-8” turnirində yarışacaqlar
Mayın 27-də Bakıda - “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə “Top-8” turniri keçiriləcək.

28 May - Müstəqillik Gününə həsr olunan ənənəvi yarışda ölkə çempionatında ilk səkkiz yeri tutan idmançılar bacarıqlarını göstərəcəklər. Şəxsi xarakter daşıyan turnirdə kişilərin mübarizəsində Emin Məmmədov, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Xəyal Həşimli, İbrahim Ansari, Əliverdi Şahgəldiyev qüvvəsini sınayacaq. Qadın tennisçilərdən isə Rüfət Əliyeva, Məryəm İmanova, Nəzakət Qarayeva, Mərziyə Nürmətova, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Aliyə Haşımova və Billurə Eminova qələbə qazanmağa çalışacaq. Dairəvi sistem üzrə iki yarımqrupda keçiriləcək yarışın qrup qalibləri ilə ikinci yerin sahibləri yarımfinala yüksələcəklər.

Stolüstü tennisçilərin idman ustalığını artırmaq, qarşıdakı beynəlxalq yarışlara hazırlıq və bu idman növünün təbliği məqsədi ilə keçirilən turnirin qaliblərinə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.

Xəbər 1192 dəfə oxundu.