Şəkidə bədii gimnastika üzrə “Dostluq yarışı” keçiriləcək
Mayın 27-dən 29-dək Şəki Olimpiya İdman Kompleksində 28 May - Müstəqillik Gününə həsr olunmuş bədii gimnastika üzrə “Dostluq yarışı” keçiriləcək. Şəkinin bədii gimnastika üzrə ev sahibliyi edəcəyi ilk yarışda idmançılar fərdi (yeniyetmələr 2010-2011-ci il, gənclər 2007-2009-cu il, böyüklər 2006-cı il və daha böyük) və qrup hərəkətləri proqramında (yeniyetmələr 2010-2011-ci il, böyüklər 2006-cı il və daha böyük) mübarizə aparacaqlar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, üç gün davam edəcək yarışda gimnastlar fərdi və qrup hərəkətləri proqramında çoxnövçülükdə və ayrı-ayrı alətlər üzrə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Azərbaycan Gimnastika Federasiyası tərəfindən milli yarışların, gimnastlarımızın mötəbər yarışlar ərəfəsində yoxlama məşqlərinin, müxtəlif nümunəvi çıxışlarının eləcə də, ustad dərslərinin bölgələrdə təşkili artıq bir ənənə halını alıb. İlk dəfə olaraq 2011-ci ildə bədii gimnastika üzrə 18-ci Azərbaycan çempionatı paytaxt Bakıda deyil, məhz Qusarda keçirilib. 2015-ci ildə isə Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışları təşkil edilib.

“Dostluq yarışı”nın bölgədə təşkil olunması regionlarda gimnastikanın inkişafı, bu növə olan marağın və kütləviliyin artırılması məqsədi daşıyır.

Gimnastikasevərlər paytaxtımızda keçirilən çempionat və birinciliklərdə olduğu kimi, “Dostluq yarışı”nda da idmançıların həyəcanlı mübarizəsini canlı izləmək imkanı əldə edəcəklər. Yarışda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

Xəbər 272 dəfə oxundu.