"Zirə" klubu Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu - 28-ci turun 2 oyunundan sonra çempionatda 2021/2022-ci il mövsümünün bürünc mükafatçısı müəyyənləşib.

"Zirə" komandasıdır. Komanda son turda "Şamaxı" ilə qolsuz bərabarə qalıb. Bakı təmsilçisinin ən yaxın izləyicisi "Qəbələ" də "Sabah"la matçda heç-heçə edib - 1:1. Bu nəticələrdən sonra Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 47 xalla Premyer Liqanın bürünc mükafatına sahib çıxıb. "Qəbələ" isə 45 xalla dördüncü olub.

Azərbaycan Premyer Liqasının qalibi "Qarabağ" növbəti mövsüm Çempionlar Liqasında, "Neftçi", "Zirə" və "Qəbələ" isə Konfrans Liqasında mübarizə aparmaq hüququ qazanıblar.

Bu, “Zirə”nin Premyer Liqada ikinci mükafatıdır. İlk dəfə komanda 2015/2016-cı il mövsümündə ikinci yeri tutmaqla gümüş medal qazanmışdı.

Xəbər 440 dəfə oxundu.