Cəsarət Əhmədov: Qol güləşçilərimiz Avropada müqəddəs üçrəngli bayrağımızı 10 dəfə ən yüksəyə ucaldıblar
Qol güləşi üzrə yığma komandamızın üzvləri Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən XXXI Avropa çempionatında yüksək nəticələr əldə ediblər. Yeniyetmə və gənclərdən ibarət yığma komandamız 10 qızıl, 2 gümüş və 1 bürünc olmaqla, ümumilikdə 13 medal qazanaraq XXXI Avropa çempionatında 25 ölkə arasında birinci yerə layiq görülüb. Mənim fəaliyyətim beynəlxalq federasiya tərəfindən də yüksək qiymətləndirilib və mən Dünya Armrestlinq Federasiyasının (WAF) müşaviri vəzifəsinə təyin olunmuşam.

C.Əhmədov qeyd edib ki, idmançılarımız bu mötəbər yarışda 10 dəfə müqəddəs bayrağımızı ucaltmağa nail olublar. Bu, həqiqətən də yüksək nəticədir və federasiyamız təsis olunduğu 2009-cu ildən bəri ilk dəfədir belə bir nailiyyətə imza atır. Bu tarixi nailiyyət bir daha təsdiq edir ki, hazırlıq mərhələsində Azərbaycan Qol Güləşi Federasiyasında rəhbərliyim və məşqçilərimizin iştirakı ilə açıq və şəffaf şəkildə keçirilmiş seçim turu həqiqətən də ədalətli, düzgün aparılıb və nəticədə ölkəmizi Avropa çempionatında təmsil etməyə layiq olan ən güclü idmançılar müəyyən ediliblər. Digər tərəfdən isə federasiyamız bu uğura 2009-cu ildən bəri addım-addım, hər növbəti il dünya və Avropa çempionatlarında əldə etdiyi nəticələri daha da yüksəldərək nail olub. Bu günədək qol güləşçilərimiz Avropa və dünya çempionatlarında ölkəmizə ümumilikdə 250-yə yaxın medal qazandırıblar ki, onlardan 90-nı qızıldır. Bütün bu illər ərzində isə federasiyamızın klub və zallarında yüzlərlə vətənpərvər, sağlam ruhlu idmançılar və məşqçilər yetişiblər. Bu da onu göstərir ki, ölkəmizdə yürüdülən dövlət gənclər və idman siyasəti Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyi tərəfindən düzgün həyata keçirilir.

“Əgər bu gün şəxsi vəsaitim hesabına idmançılarımızı beynəlxalq yarışlara göndərirəmsə, bununla demək istəyirəm ki, hər kəs öz imkanları daxilində, bacardığı qədər dövlətimizə dəstək olmalıdır. Biz hamımız şahidiyik ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda, işğaldan azad edilmiş bütün ərazilərimizdə böyük quruculuq işləri görülür. Həmin bölgələrdə Sovet vaxtında da bu cür möhtəşəm layihələr həyata keçirilmirdi. Bu gün isə artıq Füzulidə Beynəlxalq Hava Limanı fəaliyyət göstərir, Zəngilan Hava Limanının tikintisi gedir. Azad edilmiş bölgələrimizdə ən müasir yol-nəqliyyat infrastrukturu yaradılır, ağıllı şəhər və kəndlər salınır. Etiraf etmək lazımdır ki, məhz bu ağıllı kənd layihələri öz dövrünü bəlkə də 40-50 il qabaqlayır. Bütün bunlar isə bir vaxtlar öz dədə-baba yurdlarından köçkün düşmüş vətəndaşlarımızın tezliklə öz doğma yurdlarına qayıtmaları və orada yüksək rifah içərisində yaşamaları üçündür. Biz də öz gücümüzlə, öz qazancımızla bütün bu işlərdə dövlətimizə və Prezidentimizə dəstək olmalıyıq. Biz axirətdəki evimizi öz gözəl əməllərimizlə bu dünyada inşa etməliyik”, - deyə C.Əhmədov əlavə edib.

Xəbər 473 dəfə oxundu.