Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib
Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə qadın şahmatçılar arasında ölkə çempionatına start verilib.

Yarışın açılış mərasimində çıxış edən AŞF-in prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov son illər Azərbaycanda qadın şahmatçıların həm komanda, həm də şəxsi yarışlarda qazandığı uğurlardan danışıb. AŞF rəsmisi çempionatın maraqlı rəqabət şəraitində keçəcəyini bildirib. M.Məmmədov cari il Hindistandan keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hazırlıq planının təsdiqləndiyini söyləyib.

Sonra Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Elnur Məmmədov çempionatın iştirakçılarına uğurlar arzulayıb.

Dövlət Himninin səsləndirilməsindən sonra baş hakim İlahə Qədimova reqlament barədə məlumat verib.

Birinci turda ilk gedişi AŞF prezidenti M.Məmmədov və nazirliyin rəsmisi E.Məmmədov edib.

Püşkə əsasən, Azərbaycan çempionatının birinci turunda Gülnar Məmmədova Türkan Məmmədyarova, Gövhər Beydullayeva Ayan Allahverdiyeva, Ülviyyə Fətəliyeva Xəyalə Abdulla, Ləman Hacıyeva isə Xanım Balacayevaya qarşı mübarizə aparacaq.

Qeyd edək ki, müstəqil Azərbaycan tarixində qadınlar arasında XXXI ölkə çempionatının mükafat fondu artırılaraq 11 min 400 manat təşkil edir. Çempion olacaq şahmatçı 4 min manat pul mükafatı qazanacaq.

Xəbər 470 dəfə oxundu.