Emin Əmrullayev: Azərbaycan Super Liqasına minimum 6, maksimum 8 komanda ilə başlaya bilərik
Oktyabrda 6-8 komandanın iştirakı ilə basketbol üzrə ölkə çempionatının təşkilini düşünürük. Azərbaycan çempionatının rəqabət şəraitində keçməsi üçün mümkün olan hər şeyi edəcəyik. Qeyd edim ki, çempionatın təşkili federasiyanın qarşıya qoyduğu son məqsəd deyil. Düşünürük ki, azarkeşlərsiz, güclü komandalar olmadan yarış keçirmək doğru olmaz. Ən azı bir-iki güclü klubumuz olmalıdır. Bunun üçün də inkişafa doğru proses addım-addım, dayanıqlı şəkildə aparılmalıd
Bu sözləri Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev mayın 17-də jurnalistlərə açıqlamasında bildirib.

Qurum rəsmisi futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublara basketbol komandalarının yaradılması üçün müraciət etdiklərini və əsas məqsədin 5-10 il ərzində ölkəni layiqincə təmsil edəcək və beynəlxalq yarışlarda uğurla mübarizə aparacaq komandaların yaradılması olduğunu deyib. O, hazırda "Sabah" və "Neftçi" klublarının çempionatda iştiraka maraqlı olduqlarını vurğulayıb. Bir-birindən fərqli komandalardan ibarət çempionat yaratmaq istəmədiklərini bildirən federasiya prezidenti çempionata ənənəvi komandalar - NTD və "Xırdalan"ın da qatıla biləcəyini deyib.

E.Əmrullayev Naxçıvan, Gəncə, Lənkəran və Quba komandalarının da Azərbaycan Super Liqasına qatılmasının mümkünlüyünü bildirib: “Komandaları çempionata dəvət etmək üçün infrastruktur olmalıdır. Komandaların sayı veriləcək qərarlardan sonra bəlli olacaq. Azərbaycan Super Liqasına minimum 6, maksimum 8 komanda ilə başlaya bilsək, əlbəttə bu, çox yaxşı olar. Gələcəkdə Superliqada komandaların sayını artırmaq üçün aşağı liqaları da təşkil etmək istəyirik”.

Qurum rəhbəri federasiyanın maliyyələşməsi ilə bağlı modellər üzərində işlədiklərini diqqətə çatdıraraq dayanıqlı maliyyələşmə qurmaq niyyətində olduqlarını deyib. Bunlardan birinin universitetlərlə bağlı olduğunu qeyd edən E.Əmrullayev bir çox ölkələrdəki basketbolçuların həm tələbə kimi təhsil aldığını, həm də peşəkar idmanla məşğul olduqlarını vurğulayıb: “Basketbol ilə təhsil sisteminin vəhdətini təşkil etmək ən önəmli məsələlərdəndir. Bu səbəbdən, tələbə təqaüdlərindən fəal istifadə etməyi düşünürük”.

“NBA Junior” modelinin də müzakirə mövzusu olduğunu vurğulayan federasiya prezidenti uşaq basketbolunun inkişafının mahiyyətinin daha çox milli komanda üçün peşəkar idmançı yetişdirmək olduğunu bildirib: “Basketbolun sosial olması federasiya olaraq bizim üçün da olduqca önəmlidir. Qızların və regionlarda olan uşaqların basketbola cəlb edilməsi mühüm əhəmiyyət daşıyır. Çünki həvəskar komandaların iştirak edəcəkləri müxtəlif turnirlər də keçiriləcək”.

E.Əmrullayev Gürcüstan, Türkiyə və Mərkəzi Asiya basketbolçularının iştirakı ilə "İpək yolu" turnirinin təşkilinin də hazırda gündəmdə olduğunu bildirib. O, gələcəkdə uyğun liqanın olması ilə bağlı danışıqların aparıldığını vurğulayıb.

Xəbər 458 dəfə oxundu.