“Bursaspor” millimizin üzvü Namik Ələskərovla müqaviləyə xitam verəcək
Türkiyənin “Bursaspor” futbol klubu millimizin üzvü Namik Ələskərovla müqaviləyə xitam verəcək.

Bunu Bursa təmsilçisinin prezidenti Ömər Furkan Banaz mayın 16-da mətbuat konfransında açıqlayıb.

O, komandanın Birinci liqanı tərk etməsinə görə əcnəbi futbolçularının hamısı ilə yollarını ayıracaqlarını bildirib: “Müqaviləsi davam edən 7 əcnəbimiz var. İki gün ərzində bu məsələni müzakirə edəcəyik. “Bursaspor”un mənafeyinə uyğun ən yaxşı şəkildə onlarla müqavilələri ləğv edəcəyik”.

Mövsümün sonuna 1 tur qalmış “Bursaspor”un aşağı liqaya düşməsi rəsmiləşib. Reqlamentə görə, 2-ci liqada əcnəbi futbolçu oynaya bilməz. Buna görə də N.Ələskərovun “Bursaspor”dan ayrılacağı dəqiq idi.

Qeyd edək ki, ötən ildən “Bursaspor”da çıxış edən futbolçumuz Birinci liqada 32 oyuna 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bursa təmsilçisi ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Xəbər 460 dəfə oxundu.