Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Kuboku yarışları keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, UNICEF-in Azərbaycan nümayəndəliyi və "Azercell Telekom" MMC-nin dəstəyi ilə Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Kuboku yarışları keçirilib.

Beş idman növü üzrə keçirilən yarışda respublikanın müxtəlif regionlarından olan paralimpiyaçı uşaqlar iştirak ediblər.

Cüdo, pauerliftinq, stolüstü tennis, taekvondo və üzgüçülük idman növləri üzrə müxtəlif kateqoriyalarda ümumilikdə 100-ə yaxın sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi yarışda 21 dəst medal uğrunda mübarizə aparılıb.

Qeyd olunub ki, dünyada ilk dəfə olaraq uşaq paralimpiya hərəkatı 2013-cü ildə Azərbaycanda yaranmışdır. Bu müddət ərzində ölkənin müxtəlif regionlarından minlərlə sağlamlıq imkanları məhdud uşaqlar idmana cəlb edilmiş, professional idmançılar yetişdirilmiş, uşaqların cəmiyyətə inteqrasiyası üçün mühüm işlər görülmüşdür. Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi Vəli İsrafilov və həmin Oyunların iştirakçısı Dana Şandıbina da məhz Uşaq Paralimpiya Oyunlarının yetirmələridir.

Uşaq Paralimpiya Komitəsinin idman bölmələrində məşqlərini davam etdirən və müxtəlif yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar Konya 2022 İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər. Gələcəkdə isə onlar milli komandalara cəlb olunaraq Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına iştirak üçün hazırlıqlara qatılacaqlar.

Qeyd edək ki, 2022-ci il mayın 17-də sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə də yarış keçiriləcəkdir.

Xəbər 286 dəfə oxundu.