Ağır atletika üzrə Azərbaycan birinciliyinə qızların mübarizəsi ilə start verilib
Mayın 13-dən Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klublar, mərkəzlər, UGİM-ləri təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. İlk yarış günündə qızlar bütün çəki dərəcələrində, 15 yaşadək oğlanlarda 49 və 55, həmçinin 17 yaşa qədər oğlanlarda 49 kiloqram çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gələcək.

Artıq ilk qaliblər müəyyənləşib. Yaşı 15-dək olan qızlar arasında Gülşən Hüseynova (40 kq), Türkan Qənbərzadə (49 kq), Zəhra Niftəliyeva (64 kq), Arzu Qədimova (76 kq), yaşı 17-dək olanlar arasında isə Selcan Qarayeva (49 kq) və Rəhilə Hüseynzadə (76 kq) Azərbaycan birinciliyində qızıl medala layiq görülüblər.

Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər 286 dəfə oxundu.