FIDE-nin prezidenti Arkadi Dvorkoviç təşkilatın bu yay keçiriləcək seçkilərində iştirak edəcək
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç təşkilatın bu yay keçiriləcək seçkilərində iştirak edəcək.

Bu barədə TASS informasiya agentliyi məlumat yayıb. A.Dvorkoviçin komandasına 15-ci dünya çempionu hindistanlı Vişvanatan Anand, doqquzuncu dünya çempionu çinli Çju Çen, həmçinin norveçli Yoran Eulin-Yansson və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov daxildir.

Seçkilər FIDE-nin Baş Assambleyası çərçivəsində avqustun 7-8-də Hindistanın Çennai şəhərində keçiriləcək. Seçkilərdə iştirak üçün ərizələr iyunun 7-dən gec olmayaraq təqdim edilməlidir.

TASS agentliyinə müsahibəsində A.Dvorkoviç beş milli federasiyadan dəstək məktubu aldıqdan sonra təşkilat rəhbərinin seçilməsi üçün rəsmi ərizə verəcəyini vurğulayıb.

FIDE-nin prezidenti qeyd edib ki, Vişvanatan Anand dünya çempionlarından biridir, şahmat aləmində hörmətli şəxsdir və onu bütün dünyada tanıyırlar. Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov indi FIDE-nin vitse-prezidentidir və mən ona öz vəzifəsini saxlamağı təklif edəcəyəm. Yeni vitse-prezidentliyi isə Fişer şahmatı üzrə dünya çempionatını təşkil edən norveçli həmkarım Yoran Eulin-Yanssonu təklif edəcəyəm.

2018-ci ilin oktyabrından FIDE-yə rəhbərlik edən A.Dvorkoviç təşkilatın düzgün istiqamətdə inkişaf etdiyinə əminliyini ifadə edib: “Yaxın günlərdə proqramı dərc edəcəyəm, yalnız onu deyim ki, bu, bizim məşğul olduğumuz sahələrdə işin davamıdır. Hamı FIDE-də inkişafın düzgün istiqamətdə getdiyinə inanır”.

Xəbər 426 dəfə oxundu.