Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş minifutbol üzrə çempionat keçirilib
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) təşkilatçılığı ilə DYMX-nin mərkəzi aparatı, Bakı və Sumqayıt qarnizonlarının idarə, dəstə və hissələri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş minifutbol üzrə çempionat keçirilib.

Xidmətin idman bazasında təşkil edilən çempionatda 20 komanda iştirak edib. Maraqlı mübarizə şəraitində keçən yarışda DYMX-nin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin komandası birinci yeri tutub. Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin komandası ikinci, Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin komandası isə üçüncü yerlərdə qərarlaşıblar.

Çempionatın final oyunundan mükafatlandırma mərasimi keçirilib. Mərasimdə FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov və DYMX-nin məsul şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən Mehman İsmayılov yarışın ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunduğunu diqqətə çatdırıb. M.İsmayılov qeyd edib ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ümummilli Liderin gənclərə və idmana göstərdiyi diqqət və qayğı ilə qoyulub. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin mühüm tərkib hissələrindən biri də gənclərə və idmana daim dövlət qayğısının göstərilməsidir. Çıxışının sonunda Mehman İsmayılov qalib komandaları təbrik edib, onlara uğurlar arzulayıb.

Sonda qaliblərə FHN-in işçilərinin həmkarlar ittifaqının kubok, medal, diplom və qiymətli hədiyyələri təqdim edilib.

Xəbər 405 dəfə oxundu.