Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının ekspertləri azərbaycanlı məşqçilər üçün təlim keçirlər
Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdonun inkişafı, bu çərçivədə məşqçi heyətinin peşəkarlıq səviyyəsinin artımına nail olmaq istiqamətində bir sıra tədbirlər həyata keçirir.

Beynəlxalq Cüdo Federasiyası (BCF) ilə qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində qurumun akademiyasında Azərbaycanın cüdo məşqçiləri üçün təlimlər başlayıb. Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarətdir.

BCF Akademiyasının ekspertlərinin - Mesut Kapan və Kaya Gezekerin iştirakı ilə artıq təlimin praktiki mərhələsinə start verilib.

Mesut Kapan 6-cı dan qara kəmər sahibidir və BCF Akademiyasının akkreditasiya edilmiş təlimçisidir. Dördüncü dan qara kəmər sahibi olan Kaya Gezeker isə BCF Akademiyasının səfiri, regional koordinatoru və eyni zamanda, qurumun Hərbi və Polis komissiyasının direktorudur.

İki gün davam edəcək praktiki məşğələlər zamanı 100 əsas katanın yerinə yetirilməsi üzrə dərslər keçiriləcək. Kata cüdoda texniki hərəkətlər kompleksidir və onun yerinə yetirilməsinin ciddi qayda və ardıcıllığı vardır. Bu hərəkətlər kompleksinin keyfiyyətli nümayişi cüdoçunun ustalıq səviyyəsini müəyyən edir. Katanın öyrənilməsi cüdonun əsas fəlsəfi prinsiplərinin mənimsənilməsi və fəndlərin düzgün yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 40-dan artıq məşqçi təlimin praktiki mərhələsində iştirak edir və təlimi uğurla başa vuracaqları halda BCF-in müvafiq beynəlxalq sertifikatı ilə təltif olunacaqlar.

2023-cü ildən etibarən müvafiq sertifikata malik olmayan məşqçilərə BCF və Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışlarda tatami kənarında idmançıları müşayiət etməyə icazə verilməyəcək.

45 məşqçi ilə başlanan proqramın növbəti illərdə də davam etdirilməsi planlaşdırılır.

Xəbər 339 dəfə oxundu.