Ulu Öndərin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş alpaqut üzrə Bakı şəhər açıq turniri keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Alpaqut Federasiyası ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Bakı şəhər açıq turniri keçirib.

Turnirin açılış mərasimində əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən turnirdə çıxış edən Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Qüdrət Nuriyev idmançılara uğurlar arzulayıb. O, Alpaqut idman növünün inkişaf edərək daha geniş yayılması üçün görülən işlər barədə məlumat verib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Beynəlxalq Turan oyunları Komitəsinin Prezidenti Fərid Əlizadə, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının Prezidenti Azər Həsənsoy, yazıçı İradə Əlili, Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli ölkəmizdə dövlət tərəfindən idmana göstərilən diqqət və qayğıdan danışıblar.

Qeyd edilib ki, idmanın maddi-texniki bazasının yüksək səviyyədə qurulması, respublikamızın hər yerində bu sahənin inkişafı üçün yaradılan şərait böyük nailiyyətlərin qazanılması üçün geniş imkanlar yaradıb. Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş yarış da məhz alpaqut idman növünün inkişafına daha da təkan verəcək.

Tədbirdə, həmçinin qəhrəman şəhid anaları Əbdürrəhmanlı Mehriban, Aygün Orucova, Həyat Fondunun icraçı direktoru Hacı Nuran qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasəti uğurla davam etdirilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində fəal iştirakı ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi, humanitar və digər tədbirlərin keçirilməsində, xüsusilə idman yarışlarında fəal şəkildə iştirak edir.

Tədbirin bədii hissəsində “Talant” rəqs qrupu, gənc xanəndə Kənan Bəşirli, Alpaqut federasiyasının mədəniyyət departamentinin rəhbəri Elnur Şahin və gənc Müğənni Türkan Abbasova çıxış ediblər.

Sonra idmançılar müxtəlif yaş qrupları üzrə mübarizə aparıblar. Yarışda 29 komanda və ümumilikdə 300-dən çox idmançı iştirak edib.

Komanda hesabı üzrə yarışın qalib və mükafatçıları - Alpaqut Turan Döyüş Sənətinin ayça sistemi üzrə birinci yeri Nizami, ikinci yeri Suraxanı, üçüncü yeri Ağdam, Batur sistemi üzrə birinci yeri Laçın, ikinci yeri Suraxanı, üçüncü yeri Zəngilan, Caymaz sistemi üzrə birinci yeri Nizami, ikinci yeri Harun Döyüş Klubu, üçüncü yeri Suraxanı, Qurşaq sistemi üzrə birinci yeri Zəngilan, ikinci yeri Şəmkir, üçüncü yeri Yasamal filialı tutublar.

Qalib idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən medal və kuboklarla mükafatlandırılıblar.

Xəbər 461 dəfə oxundu.