Tunisdə qılıncoynatmanın sablya növü üzrə qadınların dünya kubokunda mərhələ yarışına start verilib
Tunisin Hammamet şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınların dünya kubokunda mərhələ yarışına start verilib.

Turniri ilk günündə qadın sablyaçıların şəxsi yarışında əsas mərhələyə yüksələn idmançılar müəyyənləşib.

Sablya üzrə milli komandamızın üzvlərindən Anna Baştanın reytinqi yüksək olduğundan təmsilçimiz mübarizəyə əsas mərhələdən qoşulacaq. Digər sablyaçılarımızdan Sevil Bünyatova və Polina Kaspiaroviç isə təsnifat mərhələsindən ən güclü 64-lüyə vəsiqə qazanıb.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Polina 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşlərdə xorvatiyalı Baldo Zoe Marie (15:3) və ispaniyalı Perez Cuenca Celiaya (15:13) qalib gəlib. Qrupda 5 qələbəsi olan Sevil isə əsas mərhələyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə ukraynalı Oleksandra Bondarı 15:8 hesabı ilə məğlub edib.

Səbinə Kərimova (4 qələbə), Valeriya Bolşakova (5 qələbə) və Zərifə Hüseynova (3 qələbə) qrup mərhələsini uğurla adlasalar da, 64-lüyə yüksələ bilməyiblər. Valeriya əsas mərhələ uğrunda keçirilən pley-off görüşündə yaponiyalı Yui Sanoya 14:15 hesabı ilə uduzub. Səbinə Kərimova ilk pley-off görüşündə Özbəkistan təmsilçisi Paola Pliegoya 15:4 hesabı ilə qalib gəlsə də, 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə bolqar Yoana İlievaya 10:15 hesabı ilə uduzub. Zərifə Hüseynova ilk pley-off görüşündə Qazaxıstan qılıncoynadanı Aigerim Saribaya 11:15 hesabı ilə məğlub olub.

Bu gün keçiriləcək əsas mərhələdə ən güclü 32-liyə yüksəlmək üçün Anna Başta fransalı Sirielle Girardin, Sevil Bünyatova amerikalı Maqda Skarbonkievicz, Polina Kaspiaroviç isə alman Julika Funke ilə qarşılaşacaq.

Xəbər 464 dəfə oxundu.