Yeniyetmə (U-15) cüdoçular arasında Azərbaycan birinciliyində ilk qaliblər müəyyənləşib
Bu gün Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində kiçik yaşlı yeniyetmə (U-15) cüdoçular arasında Azərbaycan birinciliyi start götürüb.

Gənclər və İdman Nazirliyinin və ACF-nin birgə təşkilatçılığı ilə keçirilən yarışın birinci günündə oğlanlar arasında 34, 46, 60, qızların turnirində isə 28, 40, 52 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib. Belə ki, oğlanların yarışında Rza Xəlilli (34 kq), Röyal Qayıbov (46 kq), Yusif Abbasov (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızlar arasında isə Sunay Salamova(28 kq), Dərya Bıkova (40 kq), Aysun Məmmədova (52 kq) qalib adını qazanıblar.

Yarışın təşkilində əsas məqsəd yeniyetmələr və gənclər arasında cüdo idman növünə marağın artırılması, onun təbliği və yarışlarda ölkənin bütün regionlarının təmsil olunmasına nail olmaqdır.

Üç gün davam edəcək birinciliyə Azərbaycanın müxtəlif regionlarından, klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 650-yə yaxın idmançı qatılıb.

Xəbər 469 dəfə oxundu.