5-ci mundialın vəzifələri və həsrəti
Azərbaycan milli futbol komandası 5-ci dəfə dünya kuboku uğrunda mübarizənin seçmə mərhələ yarışına qatılacaq. Yığmanın bu turnirdən əvvəlki çıxışları hər dəfə məhz yarış ərəfəsi böyük ümidlərlə gözlənilib. Di gəl, yekunda, bu və digər səbəbdən, əsas məsələlər bir kənara, hətta xal toplanması baxımından da ümidlər doğrulmayıb. Komanda 1998-ci və 2006-cı illər yürüşünü 3, digər ikisini isə 5 xalla yekunlaşdırıb. Bundan əvvəlki mundial seçmələrində sükan arxasında məhz Foqts özü olub.
Təbii ki, komandanın potensialı bəllidirsə, əsas səbəbkar məşqçidir. Final mərhələsinə çıxmasına ümid olmayan komandanın qrupda, heç olmazsa, özünə tay rəqiblərlə başabaş oynaması, bir az da ortabablardan xal qoparması əsas azarkeş istəyidir. İndi kollektiv daha bir sınaq ərəfəsindədir. Mənzərə də həmindir. Dəyişənsə tələblərin obyektiv şərtləridir. Ələlxüsus, «Neftçi»nin Avroliqanın qrup turnirinə vəsiqə qazanması bütün futbol standartlarımızı dəyişməlidir. Artıq AFFA məşqçilər qarşısında tələb qoymağı bacarmalı və buna cürəti çatmalıdır.

Bu mənada Berti Foqtsun komandadakı işini, bizcə, heç vəchlə kafisaymaq olmaz. Doğrudur, əvvəlki illərdə dilindən tənqid düşməyən məşqçi, son seçmə mərhələdə əldə olunan xallardan sonra bir qədər sakitləşib. Lakin artıq ona başa salmaq lazımdır ki, bu qədər tənqid edirsə, komanda oynaya bilmirsə, ərizəsini yazsın - nə imicinə zərbə vursun, nə də Azərbaycan futbolunun illərini oğurlasın.
Artıq elə bir dövr yetişib ki, komanda mütləq Avropa xal reytinqindəki yerini möhkəmlətməlidir. Çünki son dövrlərdə kənardan komandaya cəlb olunan futbolçulardan yalnız bu məqsədlə istifadə etmək olar. Deyək ki, keçid dövründə yerli futbolçuların Avropa arenasına çıxarılması baxımından bu addımlar vacibdir. Lakin futbolçu qitə meydanına ayaq qoymaq istəmirsə, AFFA bunun üçün də ehtiyat variantlar və qrant tipli layihələr fikirləşməlidir.

Artıq «top festivalları» kimi sirk layihələrindən imtina edib, ciddi iş qurmaq lazımdır. Çünki belə festivallar olmadan da, bu ölkədə futbol ən məşhur idman növü statusunu qoruyur. Hətta bu vəziyyətdə də futbolçu yetişmirsə, problemin kökünü topsuzluqda axtarmaq olmaz: məsələ istedadların yollarını bağlayanlarda və onların inkişafını təmin edə bilməyənlərdədir.
Foqts, əvvəlki kimi, daha bir seçmə mərhələyə bir plan, niyyət, məqsəd açıqlamadan yollanır. Amma bu mərhələdə onun imkanları daha genişdir. Lüksemburq və Şimali İrlandiya əsl xal toplaması rəqiblərdir. Amma hər ikisi ciddi olmayan komandaları bağışlamır. Bunun üçün əvvəlki illərin oyunlarına baxmaq yetərlidir. Avropada qələbəsizlik və qolsuzluq rekordları müəyyən etmiş olsterlilərə ilk sevinci də məhz komandamızın bağışlamasını Foqtsa çatdırmaq lazımdır. Bundan əlavə, israillilərin də büdrədilməsi üçün zəif yerləri kifayət qədərdir.

Çox təəssüf ki, millinin hazırlıq dövründəki oyunları əsasında ona qiymət vermək olmur. Üstəlik, komandaya cəlb olunan yeni simaları və onların bir-birindən fərqli oyun tərzini nəzərə alsaq, Foqtsun qarşısında heç də sadə məsələ dayanmır. O, seçmə mərhələdəki rəqiblərə uyğun yoxlama matçlar keçirmək fürsətini qaçırdı. Amma, ən azı, bu, futbolçuların bir yerdə təlim- məşq keçəmsi üçün fürsət olub. Elə bacarıqlı məşqçi də buna görə ilk oyundan sürprizlərə qadir olmalıdır. Əlbəttə, portuqalların böyük hesablı zərbələrindən çəkinmək lazımdır və bunun üçün ilk iki oyunda taktiki balansı qorumaq şərtdir. Bunun üçünsə məşqçinin işi düzgün olmalıdır.
Bu mərhələ üçün yığma nəzəri cəhətdən 10-15 xal toplamaq iqtidarındadır. Amma qiymət oyundan oyuna veriləcək. Heç bir perspektivi olmayan qələbədənsə, məzmunlu oyun göstərib, qeyd etdityimiz ikinci vacib məsələ – futbolçularımızın Avropaya tanıtdırılması, məncə, bu gün daha önəmlidir.

Xəbər 1274 dəfə oxundu.