Bu Premyer Liqa da qalmaqalla başladı
Ötən ay Azərbaycan Premyer Liqası start götürdü. Ötən çempionatda olduğu kimi, XXI futbol yarışması da qalmaqalla başladı. Maraqlıdır ki, hər 2 birincilikdə ilk gərginlik 3-cü turda təsadüf etdi. Keçən Premyer Liqada «İnter» - «Bakı» matçında qarışıqlıq qeydə alınmışdısa, bu dəfə insident «Xəzər Lənkəran» - «İnter» görüşündə baş verdi. Fərq ondadır ki, ötən hadisədə «bankçılar» mübarizənin 3 dəqiqə qalmış hakimin onların qapısına oyun ərzində 2-ci penaltini təyin etməsinə etiraz olaraq, rəqabəti davam etdirməkdən boyun qaçırmışdı. Bu dəfə isə olaylar başqa gür cərəyan edib: qarşılaşmanın sonunda 2 komandanın futbolçuları dava salıblar. Belə ki, matçın final fiti səslənən kimi «İnter»in baş məşqçisi Kaxaber Sxadadzenin oğlu Baçana Sxadadze, onun həmyerlisi İliya Kandelaki ilə «Xəzər Lənkəran»ın futbolçuları Elnur Allahverdiyev, eləcə də Branimir Subaşiç və Sadio Tunkara əlbəyaxa olublar. Qalmaqala səbəb Kandelakinin matçın sonlarında Tunkaranın ünvanına irqçi söyüşlərlə təhqir etməsi olub. Hər halda, «gəmiqayıranlar» bu barədə baş hakim Əliyar Ağayevi də məlumatlandırıblar. Güman ki, hadisə ilə bağlı açıqlamalar zamanı tam təfərrüatı da öyrənmək mümkün olacaq.

Premyer Liqanın belə məcrada başlaması yaxşı heç nə vəd etmir. Son çempionatlardakı gərginliyi nəzərə alsaq, vəziyyətin yaxşılığa doğru düzəlmədiyini görürük. Elə ötən yarışda olan hadisələri yada salaq: Premyer Liqada nə istəsən baş verdi.

«İnter» - «Bakı» matçında ev sahibləri oyunu davam etdirməkdən boyun qaçırdılar, «Qəbələ» - «Neftçi» görüşündə azarkeşlərin qarşıdurması nəticədə «ağ-qaralar»ın bir neçə fanatı xəstəxanaya düşdü; Tovuzda «Turan» - «Qarabağ» görüşündə baş hakim Rauf Cabbarovun referilərin otağında döyülməsi son dövrün ən səs-küylü hadisə oldu; «Xəzər Lənkəran» - «İnter» oyununda isə çoxdan rastlaşmadığımız hadisə baş verdi: yerli azarkeş qonaq komandanın baş məşqçisi Kaxabar Sxadadzenin başına yabançı əşya atdı. Qalmaqallı futbol mövsümü elə qalmaqalla sona çatdı. «Bakı» və «Neftçi»nin 15 yaşlılardan ibarət komandalarının final mübarəzisində, «ağ-qaralar»ın 1:0 qalib gəldiyi hesabla barışmayan əks düşərgə matçdan sonra gərgiklik yaratdı. Nəticədə kütləvi dava baş verdi.

Bizdə hələ ki, böyük oyun mədəniyyəti formalaşmayıb. Amma rəqabət artıb, şərtləri ağırlaşdıqxa bu problemlərin qarşısını almaq xeyli çətinləşəcək. Yekunda itirən də, uduzan da Azərbaycan futbolu olacaq. Yarış təşkilatçsısı kimi PFL əslində elə indidən dünyada baş verən prosesləri də izləmək bacarığını göstərməlidir. Xatırlayırsınızsa, Misirdə böyük tələfatla nəticələnən hadisə onu göstərdi ki, hakim obyektiv qərar verməyəndə, fanatlar hisslərini cilovlaya bilmir və emosiyalarını çılğın hərəkətləri ilə söndürürlər. Belədə, yekunda stadionda iğtişaş baş verir və böyük fəsadlar yaranır.

Götürək elə Türkiyəni. Hələ də bu ölkədə nə azarkeşləri, nə də hakimlərlə bağlı şişirdilmiş qalmaqalların qarşısını ala bilmirlər. Səbəb isə məlumdur - artıq azmanlaşmış klublar yarış təşkilatçılarının diktəsi ilə barışmaq istəmirlər. Bu ölkədə medianın da xüsusi məlum bölünmə və cəbhələşmə prinsiplərini nəzərə alsaq, bu nümunənin Azərbaycanı da gözlədiyi şəksizdir. Təkcə baş verənləri deyil, müxtəlif ölkələrin təcrübəsinə baxmaq heç də pis olmazdı. Məncə, Peşəkar Futbol Liqası olanlardan nəticə çıxarmalı, kardinal qərarlar verməli, düzgün və obyektiv addımlar atmalıdır. Futbol da bir mədəniyyətdir. PFL təqvim düzəldib, yarış keçirməklə yanaşı, fəaliyyət dairəsində bu mövzunu aktuallaşdırmalıdır. Hələ bu təşkilatın bundan çox vəzifələri olmalıdır. Vaxtı gələndə, onları da bir-bir sadalayarıq.

Xəbər 2882 dəfə oxundu.