Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi davam edir
Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi davam edir.

Milli Gimnastika Arenasında keçirilən yarışda 9 klubdan 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast qüvvəsini sınayır.

Yarışın birinci günündə fərdi proqramda balacalar alətsiz çıxış edirlər. Yeniyetmələr həm alətsiz, həm də halqa ilə medallar uğrunda mübarizə aparırlar. Gənc gimnastlar isə halqa və top ilə öz aralarında ən güclünü müəyyənləşdirəcəklər.

Yeniyetmə gimnastlardan ibarət qrup hərəkətləri komandaları isə topla proqramlar icra edəcəklər.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Milli Gimnastika Arenasının qapıları Bakı birinciliyində də tamaşaçıların üzünə açıq olacaq. Azərbaycan Gimnastika Federasiyası tərəfindən keçirilən son üç yarışda olduğu kimi, gimnastikasevərlər paytaxt birinciliyində də idmançıların həyəcanlı mübarizəsini canlı izləmək imkanı əldə ediblər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya koronavirusdan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə - COVID-19-a qarşı peyvənd əks-göstərişini müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

Xəbər 349 dəfə oxundu.