Prezident İlham Əliyev Şərur Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib
Avqustun 3-də Prezident İlham Əliyev Şərur rayonunda Olimpiya-İdman Kompleksinin açılışında iştirak etmişdir.
Şərur ictimaiyyətinin və Naxçıvan MR idman ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar. Mehriban xanıma gül dəstəsi təqdim olundu.
Son illər muxtar respublikada inşa olunan nəhəng infrastruktur obyektləri sırasında Şərur Olimpiya-İdman Kompleksi də vardır. Azərbaycanda idman hərəkatının geniş vüsət aldığı bir vaxtda bölgələrdə olimpiya-idman komplekslərinin inşası xüsusi əhəmiyyət daşıyır. Bu, regionlarda idmana olan xüsusi münasibətdən, digər tərəfdən də gənc nəslin sağlam böyüməsi istiqamətində dövlət dəstəyinin yüksək səviyyəsindən xəbər verir. Dövlətimizin başçısının tapşırığına əsasən təkcə 2008-ci ildə 8 olimpiya-idman kompleksinin açılışı olmuşdur. Hazırda 20-dən çox kompleks inşa olunur. Prezident İlham Əliyevin regionlara səfərləri çərçivəsində yeni olimpiya-idman komplekslərinin açılışında, bəzilərinin isə təməlqoyma mərasimində iştirak etməsi bu sahəyə qayğının daha da artdığını göstərir. Yeni idman obyektləri dünya standartlarına cavab verməklə yanaşı, həm də ölkəmizdə yaradılan idman infrastrukturunun güclü əsaslara söykəndiyini təsdiqləyir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın idmançılara diqqət və qayğısı da idmanın inkişafına mühüm töhfələr verir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti bu sahədə ölkəmizin ciddi nailiyyətlər əldə etməsi ilə müşayiət olunur. Bir sözlə, Azərbaycan dünya idman aləminə aparıcı mərkəzlərdən biri kimi daxil olmuşdur. Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi səylər ölkəmizin bütün sahələrdə olduğu kimi, idman aləmində də yetərincə nüfuz qazanması ilə nəticələnmişdir.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, Olimpiya-İdman Kompleksi ilə tanış oldu.
Məlumat verildi ki, kompleksin tikintisinə 2007-ci ilin iyununda başlanmışdır. Kompleksin ümumi ərazisi 9 hektardır, 4 hektar sahədə yaşıllaşdırma işləri aparılmışdır. Binanın sahəsi 12.086 kvadratmetrdir. Buraya mehmanxana, idman kompleksi, 142 tamaşaçı yeri olan üzgüçülük hovuzu daxildir. Bundan əlavə, kompleksdə 2400 tamaşaçı yeri olan süni örtüklü stadion, tennis kortları, mini futbol, basketbol və voleybol meydançaları vardır. Üçmərtəbəli, 60 nəfərlik mehmanxanada hər cür rahatlığı olan 30 otaq, iclas zalı, 68 nəfərlik yeməkxana fəaliyyət göstərir. İkimərtəbəli idman kompleksindəki oyun zalında həm mini futbol, həm də boks, güləş, basketbol yarışları keçirmək mümkündür. Kompleksdə iki trenajor zalı da vardır. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmana diqqət və qayğısını, habelə Şərur idmançılarının uğurlarını əks etdirən guşə də yaradılmışdır.
Olimpiya-İdman Kompleksi Şərur rayonunda idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunmuşdur.
Prezident İlham Əliyev mehmanxanada, idman kompleksində, qapalı meydançada, stadionda yaradılan şəraitlə tanış oldu.
Sonra dövlətimizin başçısı 2400 tamaşaçı yeri olan süni örtüklü stadiona gəldi, burada idmançılarla görüşdü, onlara hədiyyələr verdi.
İdmançıları təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- Bu gün gözəl Olimpiya kompleksinin açılışı münasibətilə idmançıları təbrik edirəm. Bütün idmançılara idmanda yüksək nailiyyətlər qazanmaq arzulayıram.
X X X
Dövlətimizin başçısı futbol topunu dəqiq zərbə ilə qapıya yönəltdi.
Prezident İlham Əliyev kompleksin üzgüçülük hovuzunda yaradılmış şəraitlə də tanış oldu.

03.08.2009
AzərTAc

Xəbər 1087 dəfə oxundu.