Hidayət Heydərov: Bu qələbə mənim üçün daha dəyərlidir
2017-ci ildə Avropa çempionu titulu aldığıma görə çox sevinirdim. Lakin bu qələbə mənim üçün daha dəyərlidir, çünki bu mənim sabit inkişafımın sübutudur.

Bu sözləri Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Avropa Cüdo Birliyinin (EJU) saytına verdiyi müsahibəsində bildirib.

İkiqat Avropa çempionu müsahibədə qələbəsini belə şərh edib: “81 kiloqram çəkidən sonra yenidən 73 kiloqram çəki dərəcəsinə qayıtdığım üçün çox şadam, çünki bu çəki dərəcəsində özümə daha çox hakim olduğumu hiss edirəm. Turnirdə yenidən iştirak etdiyim üçün çox xoşbəxtəm”.

Müəllifin sözlərinə görə, idmançımızın karyerasının çox maraqlı tarixi var. O artıq yeniyetmələr, gənclər və böyüklər arasında bu titula sahibdir.

Eyni zamanda, məqalədə bildirilir ki, cüdo sahəsində olan bir çox insan Rüstəm Orucov və Hidayət Heydərov arasında olan əzəli rəqabətdən məlumatlıdır, lakin Hidayət Heydərovun qalibiyyətindən sonra iki cüdoçu bu qələbəni qardaş kimi bayram etdilər.

Eyni çəki dərəcəsində yarışan Rüstəm Orucov təsəlliverici mərhələdə rumıniyalı Alexandru Raykuya qalib gələrək bürünc medal görüşünə vəsiqə qazanıb. Daha sonra rumıniyalı idmançı Adrian Sulkanı məğlub edib və millimizin aktivinə bürünc medal yazdırıb.

Qeyd edək ki, Rüstəm Orucov artıq Avropa çempionatında beşinci dəfə mükafatçı olub. Onun qitə çempionatından 1 qızıl, 1 gümüş və 3 bürünc medalı var.

Cüdo üzrə millinin baş məşqçisi Riçard Tarutman isə Avropa Cüdo Birliyinin saytına müsahibəsində cüdonun Azərbaycanda olimpiya medalı gözlənilən 3 əsas idman növlərindən biri olduğunu deyib. O vurğulayıb ki, təzyiqi hiss etsə də, bu onun üçün yaxşı çağırışdır.

Beləliklə, 40 ölkədən 363 idmançının qatıldığı turnirin ikinci günündə Azərbaycanın kişilərdən ibarət milli komandası 1 qızıl, 1 bürünc medalla ikinci yerdə qərarlaşıb.

Xəbər 480 dəfə oxundu.