Azərbaycanlı qrossmeyster Vyanada seans keçirib
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı qrossmeyster Nicat Abasova qarşı sinxron şahmat yarışı keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Şahmat Federasiyasının birgə təşkil etdiyi turnirdə avstriyalı peşəkar və həvəskar şahmatçılar Azərbaycan şahmatçısına qarşı mübarizə aparıblar. Yarışda 30 şahmatçı eyni vaxtda N.Abasova qarşı oynayıb.

Tədbirin açılışında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova çıxış edərək Azərbaycanda güclü şahmat ənənələrinin mövcud olduğunu diqqətə çatdırıb. O bildirib ki, müstəqillik dövründə ölkəmizdə şahmata maraq və dövlət qayğısı xüsusilə artıb və bu da Azərbaycan şahmatçılarının həm fərdi, həm də komanda yarışlarında uğurlu nəticələrində özünü göstərir.

L.Qasımova rəhbərlik etdiyi qurumun yarandığı gündən göstərdiyi fəaliyyət barədə danışıb və Azərbaycanda sevilən zəka oyunu olan şahmata həsr olunmuş bu tədbirlə Mədəniyyət Mərkəzinin öz proqramını daha da zənginləşdirdiyini qeyd edib. O, uğurlu əməkdaşlığa görə Vyana Şahmat Federasiyasına minnətdarlığını bildirib və gələcəkdə Azərbaycanın digər güclü şahmatçılarının da yer aldığı birgə layihələrin keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Avstriya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd edildiyi 2022-ci ildə şahmatçılar arasında da əlaqələrin möhkəmlənməsinə xidmət edən bu qəbildən tədbirləri yüksək qiymətləndirib.

Vyana Şahmat Federasiyasının vitse-prezidenti Hanna Vehbe Avstriyanın birinci şahmat liqasında “SV Raika Rapid Feffernitz” komandasının birinci taxtada şərəfini qoruyan və 2018-2019-cu il mövsümündə klubu ilə Avstriya çempionu olmuş Nicat Abasovla şahmat partiyası oynamağın həm həvəskar, həm də peşəkar şahmatçılar üçün böyük əhəmiyyətə malik olduğunu bildirib. Peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən bu cür yarışların önəmini vurğulayan H.Vehbe yaradılmış imkana görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib.

Qeyd edək ki, sinxron turnirin məqsədi dünya şahmatında xüsusi çəkiyə malik Azərbaycan şahmat məktəbinin nümayəndəsini geniş ictimaiyyətə tanıtmaq, gənclər arasında şahmatın tanınmasına töhfə vermək, Avstriya və Azərbaycan şahmatçıları arasında əlaqələri dərinləşdirməkdir.

Dünya reytinqində 127-ci, Avropada 78-ci və Azərbaycan şahmatçıları arasında 6-cı yer tutan Nicat Abasov 1995-ci il mayın 14-də Bakıda anadan olub. 2007-ci ildə Tbilisidə keçirilən turnirdə ilk dəfə qələbə qazanıb. 2009-cu ildə beynəlxalq usta normasını yerinə yetirib, 2011-ci ildə isə qrossmeyster adını alıb.

Yarışdan sonra avstriyalı şahmatçılara Azərbaycan haqqında məlumat kitabçaları və suvenirlərdən ibarət xatirə hədiyyələri verilib.

Xəbər 277 dəfə oxundu.