Rəşad Sadıqov: Çox emosional oyun oldu
İlk dəfə finalda çıxış edəcəyik. Futbolçularımı və azarkeşləri təbrik edirəm.

Bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi”ni penaltilər seriyasında üstələyərək, finala yüksəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

Qırx yaşlı mütəxəssis gərgin və maraqlı oyuna şahidlik etdiklərini bildirib: “Çox emosional oyun oldu. Daha ətraflı fikir bildirmək çətindir. Bilirdik ki, ilk matçdakı ssenari davam edəcək. Buna uyğun hazırlaşmışdıq. Oyun meydanın mərkəzində getdi. İkinci hissədə üstünlük rəqibə keçdi. Sistemi dəyişdikdən sonra komanda sanki nəfəs aldı. Futbolçularımla fəxr edirəm ki, ilk hissədə və əlavə vaxtda daim hücumda oynadıq. Əsl kubok ab-havası var idi. Hər iki komanda qalib gələ bilərdi. Futbolçuları təbrik edirəm. Əzmkarlıq nümayiş etdirdilər”.

Sadıqov məşqlərdə penaltilər üzərində çalışmadıqlarını da vurğulayıb: “Heç bir hazırlıq görməmişdim. Dünən məşqdə penaltilər seriyasının üzərində çalışmaq istədik. Amma sonra fikrimdən daşındım. Penaltini dünya ulduzları da qaçırır”.

Baş məşqçi mayın 27-də “Qarabağ”a qarşı keçirəcəkləri final oyunu barədə düşünmədiklərini də əlavə edib: “Son həftəyədək final barədə heç nə fikirləşməyəcəyik. Finala vəsiqə bizə heç nə vermir. Hazırda ən vacib məsələ çempionat oyunlarına köklənməkdir”.

“Neftçi”nin baş məşqçisi Samir Abbasov: “İlk oyunla müqayisədə daha fəal və istəkli tərəf idik. İkinci hissəni və əlavə vaxtı rəqib meydanında keçirdik. Lakin “Zirə” yaxşı qapanmışdı. Çoxlu qol imkanımız olmasa da, təzyiqimizi qola çevirə bilməməyimizə üzülürəm. Özümüz üçün nə qədər üzücü olsa da, futbolçuları qınamalı bir məqam yoxdur”.

Abbasov mövsümü titulsuz başa vurmalarına da münasibət bildirib: “Yarımfinalda cütün taleyi penaltilər seriyasına çatdı. Qol vuraraq udmaq və istənilən nəticəni əldə etmək də çətindir. Amma bu gün futbolçularımdan həddindən artıq razıyam”.

Onun sözlərinə görə, komandası ən yaxşı oyunlarından birini keçirib: “Ən yaxşı penalti vuranımız belə, hədəfdən yayına bilərdi. Bu, üzərində durulası məqam deyil. Komandamı təbrik etdim. Həddindən artıq istəkli idilər. Gələcəyə baxırıq. Daha da yaxşı olacağıq. Çox maraqlı bir məqam var. Pis oynadığımız görüşlərdə qalib gəlmişik. Burada isə yaxşı oynayıb uduzduq. Tiaqo Bezerra qol imkanlarını dəyərləndirə bilsəydi, bəlkə də sevinən tərəf biz olacaqdıq”.

Abbasov “Neftçi”nin 85 illik yubileyində titulsuz qalmasına da toxunub: “Bunu istəməzdik. Həyat davam edir. Futbolda belə hallar da olur”.

“Neftçi”nin baş məşqçisi AFFA İcraiyyə Komitəsinin qərarlarına münasibət bildirib: “O vaxt da fikirləşirdim ki, bu, inkişafa mane olur. Həmin ərəfədə 2-3 jurnalisti çıxmaq şərti ilə, heç kim mənim fikrimlə razılaşmadı. Əməlli-başlı təzyiq oldu. İndi isə “Niyə limit ləğv olunmur” sualı verilir. Bu suallardan, qərarlardan danışası deyiləm. Bir dəfə fikir bildirdim, hamının patriotluğunu gördüm”.

Xəbər 249 dəfə oxundu.