Qurban Qurbanov: Futbolçularımı təbrik edirəm
Futbolçularımı təbrik edirəm. Neçə ildir finalda oynamaq qismət olmurdu.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ”yə 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Əlli yaşlı mütəxəssis bu turnirə fərqli yanaşdığını bildirib: “Bu, fərqli prestij deməkdir. Bu gün göstərdikləri oyunla və yanaşmaları ilə finala çıxmağa layiq olduqlarını sübut etdilər. İnanıram ki, finala da istəkli hazırlanacaqlar. Bu gün maraqlı azarkeş dəstəyi var idi. Bütün yaş qruplarından fanatlar görmək olardı”.

Qurbanov finalın harada keçirilməsi kimi məsələlərə heç vaxt müdaxilə etmək istəmədiyini vurğulayıb: “Bölgədə də, Bakıda da oynamışıq. Harada desələr, orada da oynayacağıq”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin qərarlarına münasibət bildirib.

Qurbanov qərarlara təəccübləndiyini deyib: “Bəzən belə suallardan uzaq olmaq istəyirəm. Amma fikirlərimi də söyləməliyəm. Qərarın səbəbini deyə bilmərəm. Sadəcə, maraqlı tərəf odur ki, bizim fikirlərimiz öyrənilir, amma qərar fərqli olur. Klublar Komitəsi yığışıb müzakirə də aparmışdı. Hər klubun öz düşüncəsi var, gələcəyə nəyisə planlaşdırır. Bu gün yenə də müzakirələrin aparılacağı, amma qərarın sonra açıqlanacağı barədə klublara məlumat gəlmişdi. Bizdən soruşarkən dedim ki, heç bir fikir bildirmirik, digərləri nə desə, ona uyğun da fəaliyyət göstərəcəyik. Çempionatın gedişi ilə bağlı fikirlərim fərqlidir. Kiçik fikir bildirdik, fərqli qərar verdilər”.

Qurbanov bundan sonra fikir bildirməyəcəyini vurğulayıb: “Bundan sonra ümumiyyətlə fikir bildirməyəcəyəm. Fikirlərinizə önəm verilməyəndə bizə öz işimizlə məşğul olmaq qalır. Qərarlara təəccüblənmədim, ciddi dəyişiklik olmadı. İcraiyyə Komitəsində necə istədilərsə, o da oldu. Yəqin ki, özləri açıqlama verəcəklər. Görünür, dərindən düşünüb qərar veriblər. İstənilən halda, özüm və komandam Azərbaycan futboluna layiqincə xidmət etməyə çalışır. “Azərsun Sənaye Parkı”ndakı yanğın xoş olmayan hadisədir. Şirkətə həqiqətən böyük təsir edib. İnanmıram ki, Abdolbari Gözəl belə bir addım atar. Daha əvvəl klubun büdcəsini azaltmaq təklifi edilmişdi, amma Gözəl bəy demişdi ki, baş verənlərin kluba aidiyyəti yoxdur. İnanıram ki, yenə də olmayacaq. Amma zərər az deyil”.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Çox danışmaq istəmirəm, ağır məğlubiyyət oldu. Müəyyən səbəblər var, onları müzakirə etmək istəmirəm. Əlbəttə, maddi məsələ barədə də danışmaq niyyətində deyiləm. Bu vəziyyət də bizi çox sıxır. İnanıram ki, hər şey yoluna qoyulacaq və toparlanaraq, ən yaxşısını edə biləcəyik”.

Baxşıyev AFFA İcraiyyə Komitəsinin qərarlarını müzakirə etmək istəmədiyini vurğulayıb: “15-16 futbolçudan ibarət heyətimiz var. Onların zədəli-cəzalı olması oyunumuza təsir edir. İnanıram ki, bütün gücümüzü ortaya qoyaraq çempionatı başa çatdıra biləcəyik”.

Xəbər 266 dəfə oxundu.