Azərbaycan Futnet Federasiyasının rəsmiləri ulduz futbolçu Romario de Souza Faria ilə görüşüb
Sabiq futbol ulduzu, 1994-cü ildə dünya çempionu olan Romario de Souza Faria Azərbaycan Futnet Federasiyasının (AFNF) rəsmiləri ilə Rio-de-Janeyroda - öz evində görüşüb.

Vaxtilə dünyanın ən yaxşı futbolçusu seçilmiş Romario ilə görüş zamanı ona Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov tərəfindən Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən hədiyyələr və “11” nömrəli forma təqdim edilib.

V.Xəlilov Azərbaycan və Braziliya arasındakı dostluq əlaqələrindən bəhs edib, Romarionun ölkəmizdə futbolsevərlər tərəfindən çox sevildiyini söyləyib. Federasiya prezidenti futvolenin təbliği istiqamətində önəmli addımlar atan və böyük rola malik olan braziliyalı ilə gələcək əməkdaşlıqla bağlı mühüm məsələləri də müzakirə edib. Məşhur futbolçu Bakıda iyulun 15-19-da futvole üzrə keçiriləcək dünya çempionatına dəvət edilib.

Səmimi görüşə görə, veteran futbolçuya təşəkkürünü bildirən AFNF-in baş katibi Əfqan Həmzəyev Romarionun ecazkar oyununun azarkeşlərin daim yaddaşlarında qalacağını deyib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Romario de Souza Faria Vətən müharibəsində şanlı Qələbə münasibətilə xalqımızı təbrik edib, Şuşanın Azərbaycan mədəniyyətinin beşiyi olduğunu vurğulayıb.

Qeyd edək ki, görüşdə, həmçinin Braziliya Futvole Federasiyasının prezidenti Anderson Aguia da iştirak edib.

Xəbər 264 dəfə oxundu.