AFFA-nın 30 illik yubileyi münasibətilə festival təşkil olunub
AFFA-nın 30 illik yubileyi münasibətilə aprelin 29-da Bakı Olimpiya Stadionunda futbol festivalı təşkil olunub.

Festival çərçivəsində AFFA, klublar, veteranlar, hakimlər, sponsorlar, azarkeşlər, media nümayəndələri və könüllülərdən ibarət 8 komandanın iştirakı ilə futbol turniri keçirilib.

Üçüncü yer uğrunda oyunda “Media” və “Sponsorlar” komandaları qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Media” turniri üçüncü pillədə başa vurub. Final qarşılaşmasında isə AFFA və “Veteranlar” komandaları üz-üzə gəliblər. AFFA rəhbərliyinin, futbol ictimaiyyətinin nümayəndələrinin, İcraiyyə Komitəsinin üzvlərinin də izlədiyi həlledici qarşılaşma 4:3 hesabı ilə “Veteranlar” komandasının xeyrinə başa çatıb.

Final oyunundan sonra qalib komandaların mükafatlandırma mərasimi təşkil olunub.

Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, baş katib Sərxan Hacıyev və AFFA-nın sabiq baş katibləri Çingiz İsmayılov, Fuad Əsədov iştirak ediblər. Əvvəlcə turniri üçüncü pillədə başa vuran “Media” komandası mükafatlandırılıb. Komandanın kapitanına medalı futbol veteranı, AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov təqdim edib. Turniri ikinci sırada tamamlayan AFFA komandasının kapitanına isə medalı qurumun digər sabiq baş katibi Fuad Əsədov verib. Otuz illik yubiley münasibətilə təşkil olunan futbol turnirinin qalibi olan “Veteranlar” komandasının kapitanı Yunis Hüseynova kuboku AFFA-nın prezidenti R.Abdullayev təqdim edib.

Xəbər 432 dəfə oxundu.