Azərbaycan Milli Paralimpiya Komitəsində icraçı direktor vəzifəsi təsis edilib
Aprelin 29-da Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) İcraiyyə Komitəsinin iclası keçirilib.

iclasda komitənin prezidenti İlqar Rəhimov çıxış edərək qurumun strukturunun optimallaşdırılması, rəhbər aparatının işçilərinin sayının azaldılması, maddi resurslara qənaət edilməsi və təşkilatın nizamnaməsinin Beynəlxalq Paralimpiya Komitəsinin nizamnaməsinə uyğunlaşdırılması məqsədilə vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi və baş katib vəzifəsinin ləğv olunmasının məqsədə uyğun olduğunu hesab etdiyini bildirib.

Daha sonra İ.Rəhimov komitənin işlərinin və tapşırıqların daha səmərəli icra olunması üçün və Beynəlxalq Paralimpiya Komitəsinin təcrübəsini nəzərə alaraq icraçı direktor vəzifəsinin yaradılmasına ehtiyac olduğunu qeyd edib. AMPK prezidenti yeni təsis olunan icraçı direktor vəzifəsinə Eldar Babayevin təyin olunması İcraiyyə Komitəsinə təklif olunub.

İclasda vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi, baş katib vəzifəsinin ləğvi,

icraçı direktor vəzifəsinin təsis olunması və bu posta Eldar Babayevin təyin olunması barədə qərar verilib.

E.Babayev daha əvvəl UNICEF-in layihələri əsasında Uşaq Paralimpiya Komitəsində idman növləri üzrə təlimatçı, daha sonra isə AMPK prezidentinin köməkçisi vəzifələrində çalışıb. E.Babayev 2019-cu və 2021-ci illərdə Bakıda keçirilmiş paracüdo üzrə Qran-Pri yarışlarının təşkilat komitəsinin üzvü olub.

İcraiyyə Komitəsinin iclası bitdikdən sonra İ.Rəhimovun əmri ilə Rauf Mürsəlov icraçı direktorun müavini vəzifəsinə təyin edilib. O idman şöbəsinin müdiri vəzifəsinin icrasını da davam etdirəcək. R.Mürsəlov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında və “Pekin-2022” Qış Paralimpiya Oyunlarında Azərbaycan milli komandasının şef-de-missionu olub.

Xəbər 257 dəfə oxundu.