“Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyinin qalibləri ilə görüş olub
“Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyinin qalibləri ilə görüş olub.

Nəsimi rayon İcra Hakimiyyətində keçirilən tədbirdə rayon rəhbərliyi, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri və şagirdlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biridir. Bu kimi oyunların keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. O, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra qalib komandalar və hərbi rəhbərlər diplom, medal və fəxri fərmanla təltif olunublar.

Yarışda hər komandanın heyətində 14 nəfər (10 oğlan, 4 qız) olmaqla 8-10-cu sinif şagirdləri iştirak ediblər.

Komandalar yarışın 4 mərhələsi üzrə öz qüvvələrini sınayıb. Hər bir komandanın xalı münsiflər heyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilib.

Yarışın nəticələrinə görə 23 nömrəli tam orta məktəbin komandası birinci olub. 42 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, 19 nömrəli tam orta şagirdləri üçüncü pillədə başa vurublar.

Rayon mərhələsinin qalibi olmuş 23 nömrəli məktəbin komandası Bakı zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb.

Xəbər 490 dəfə oxundu.