Zlatan Vanev: 8 ayda Azərbaycan üçün 3 medal qazandıq - MÜSAHİBƏ
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin məşqçisi Zlatan Vanev vətəni Bolqarıstanda müsahibə verib. İdman.com.az saytının məlumatına görə, 2 ildir ölkəmizdə çalışan mütəxəssis seçimini millimizin xeyrinə etməsinin ən qaranlıq məqamlarını açıqlayıb. London olimpiadasında komandamıza bürünc medal qazandıran Valentin Xristovun (56 kq) şəxsi məşqçisi Vanev Azərbaycanda hər şeyin onları qane etdiyini və idmana dövlət qayğısını yüksək qiymətləndirib.

- Son illər Bolqarıstan idmanı maliyyə çətinlikləri yaşayır. Bu səbəbdən də nəticələr əldə olunmur. Sizcə, Bolqarıstanda Valentin Xristov kimi idmançılar yetişdirməyə kifayət qədər pul varmı?
- Düşünürəm ki, Bolqarıstanın kifayət qədər pulu var. Əgər onlar nə itirdiyini tam dərk etsə, lazımı qədər vəsait xərclənəcək.

- Əgər pul varsa, onlar hara xərclənir?
- Pulların hara sərf edildiyindən xəbərim yoxdur. 10-15 ildir bu istiqamətdə heç bir addım atılmır. Rəhbərliyin heç vecinə deyil. İndi isə artıq idman qurğusu tikməyə başlayıblar. 2009-cu ildə nazirliklə mübahisə apardım ki, ağır atletikaya yaxşı dəstək olsunlar. Bu mövzuda çox çıxışlar etdim. Axırda bezib Azərbaycandan gələn təkliflə razılaşdım.

- Siz elə ilk təklifdə “hə” cavabını verdiniz?
- Yox, əvvəl razılaşmadım. Sonra ikinci təklif gəldi. Yenə vətəndə qalmağa üstünlük verdim. Lakin Azərbaycandan 3-cü təklif gələndə, gördüm ki, Bolqarıstanda heç nə etmək mümkün deyil. 2010-cu ildə isə nazirliklə məhkəməyə çıxdım. O vaxt 16 yaşlı Valentin Xristov kişilər arasında yarışda medal qazanmışdı. Mən onun gələcəyi üçün Azərbaycana gətirməyi məqsədəuyğun saydım. Əgər onu yeniyetmələrin I Yay olimpiya oyunlarına buraxsaydılar, əminəm ki, o çempion olardı.

- Xristovun həmin olimpiadaya aparılmamağı Azərbaycan tərəfinə keçməyinizə həlledici rol oynadı?
- Belə münasibət məni çox məyus etdi. Cəmi 8 ayda Azərbaycan üçün 3 medal qazandıq. Bunlar dünya, Avropa və olimpiya oyunlarında oldu.

- Bunu siz gözləyirdizmi?
- Etiraf edim ki, özüm də belə uğur gözləmirdim. Amma inanırdım ki, Valentin özünü yaxşı tərəfdən göstərəcək. Çünki hər bir mütəxəssisə onun necə istedad olduğu məlumdur. Açığını deyim ki, 3 dəfə dünya, 4 dəfə Avropa çempionu olsam da, Xristova Azərbaycanda olan münasibət Bolqarıstanda mənə göstərilməyib. Azərbaycan Prezidenti İlham Əliyev şəxsən özü bizi qəbul edərək, ev və böyük mükafatlar verib.

- Azərbaycanda ölkə başçısının da idmana qayğısı çox böyükdür...
- Bilirsiz, London olimpiadası zamanı preziden Xristovun mübarizəsini izlədi və yarışdan sonra onunla görüşüb, şəkli çəkdirib.

- Bolqarıstanın başqa istedadlı idmançılarını da Azərbaycana aparmaq fikriniz varmı?
- Mənim belə planım yoxdur. Bolqarıstanlılarla problemim olmasa da, onlar mənə nifrət edirlər. Mən isə sadəcə olaraq, hamıya kömək etmək istəyirəm. Valentinə baxın, o, kasıb ailənin uşağıdır. İndi isə ailəsinə Şumen şəhərində ev ala bilib.

- Valentinin istedadını nə vaxt kəşf etmişdiz?
- Onu 2006-cı ildə İvan Leçev “tapıb”. Təxminən 1 il sonra mənə Valentin haqda məlumat verdi və onunla tanış olanda böyük istedad olduğunu gördüm. İndi isə o, yüksək səviyyəli idmançıdır, Azərbaycan hələ onun 16 yaşı olanda Xristov üçün 400 min avro ödədi.

Xəbər 1752 dəfə oxundu.