Boks üzrə millimizin yeni baş məşqçisi: “Yığmaya qayıdışımın əsas səbəbi Rio Olimpiadasından sonra verdiyim sözü yerinə yetirməkdir
Yenidən Azərbaycan millisinə qayıtdığım üçün çox xoşbəxtəm. Buranı özüm üçün ikinci ev sayıram. Azərbaycanı sevirəm.

Bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında kişi boksçulardan ibarət milli komandaya yeni baş məşqçi təyin olunan Pedro Roke deyib.

Təcrübəli mütəxəssis yenidən yığmamızın “sükanı arxası”na keçməsinə münasibət bildirib. O qeyd edib ki, qarşıya qoyulan hədəfə çatmaq üçün potensiallı boksçularımız var və Rio Olimpiadasında olduğu kimi, bu dəfə də Azərbaycan boks tarixində rekord əldə ediləcəyinə inanır: “Paris-2024” Yay Olimpiya Oyunlarının sonunadək müqaviləyə imza atmışam. Yığmaya qayıdışımın əsas səbəbi Rio Olimpiadasından sonra verdiyim sözü yerinə yetirməkdir. Məqsədim ölkə boksunda yeni tarix yazmaq, “Paris-2024”də Azərbaycan yığmasına ilk qızıl medalı qazandırmaqdır”.

Kubalı məşqçi vurğulayıb ki, 2016-cı ildə Azərbaycandan ayrıldıqdan sonra da boksçularımızın döyüşlərini izləyib və onlar haqqında müəyyən məlumata malikdir: “ABŞ-da yaşasam belə, milli üzvlərinin görüşlərini həmişə diqqətdə saxlamışam, izləmişəm. Avropa və dünya çempionatlarında, Olimpiadada da döyüşlərinə baxmışam. Yaxşı boksçular var və onları daha da inkişaf etdirmək, titul qazandırmaq üçün var gücümlə çalışacağam. İnanıram ki, iştirak edəcəyimiz turnirlərdə Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq”.

Qeyd edək ki, Roke 2014-2016-cı illərdə də yığmamızı çalışdırıb. Boksçularımız onun rəhbərliyi ilə Rio-de-Janeyroda keçirilmiş Yay Olimpiya Oyunlarında çıxış edib və hələlik olimpiadalarda tariximizin ən yaxşı nəticəsinə imza atıblar. Komandamız Oyunlarda ilk dəfə gümüş medala yiyələnib, həmçinin 1 bürünc mükafat qazanıb. Milli kubalı mütəxəssislə 2015-ci ildə Dohada 1 qızıl, 1 gümüş və 2 bürünc, həmin ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında 6 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. Onlardan başqa, Rüfət Hüseynov (49 kq) 2015-ci ildə Avropa çempionatında üçüncü yeri tutub.

Xəbər 298 dəfə oxundu.