«Ay-ulduzlular»mızdan 1 addım irəli
FİFA növbəti reytinq cədvəlini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə 1 pillə irəliləyib. İndi millimiz 107-ci yerdədir. Hesabında 324 xal olan komandamız dünyada 107-ci olmaqla yanaşı, Avropada 42-cidir. Komandamız qitədə də 1 addım irəliləyib. Bu, Litva yığmasının 31 pillə geriləməsi sayəsində reallaşıb. Millimizin hesabını 324-ə çatdırması isə ay ərzində keçirilən yeganə oyunda – Bəhreynlə yoxlama görüşündəki 3:0 hesablı qələbənin rolu olub.

«Ay-ulduzlular»mızın növbəti seçmə mərhələdəki rəqiblərindən Portuqaliya 1232 xalla 5-ci yerdən 4-cü pilləyə yüksəlib. 990 xala malik Rusiya 2 addım geriləyərək 13-cü yerə yuvarlanıb. Sentyabrın 7-də Bakıda millimizin qonağı olacaq İsrail isə 7 pilləlik sıçrayışa nail olub. İndi hesabında 446 xal olan rəqibimiz 75-ci sıradadır.

326 xalı olan Lüksemburq da artıq yığmamızdan öndə qərarlaşıb. Onlar 4 pilləlik irəliləyiş hesabına 106-cı yerə qalxıb. Əvəzində bizdən öndəki mövqeyini itirən Şimali İrlandiya qrupun reytinqdəki autsayderidir. Ötən ayla müqayisədə 28 pillə aşağı düşən Şimali İrlandiya 257 xalla siyahıda 129-cudur.

İlk 3 pillənin sahibi olan İspaniya (1617 xal), Almaniya (1437) və İngiltərə (1274) yığmaları mövqelərində qalıb. Onlar ötənaykı kimi yenə siyahıya başçılıq edirlər.

Xəbər 990 dəfə oxundu.