Autizmli uşaqlar üçün futbol festivalı təşkil olunub
AFFA və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə autizmli uşaqlar üçün futbol festivalı keçirilib.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi autizmli uşaqları cəmiyyətə inteqrasiya etmək, bu kimi tədbirlər sayəsində onların sosiallaşmasında rol oynamaq və insanları bu barədə maarifləndirməkdən ibarətdir.

Qırxa yaxın autizmli uşağın cəlb olunduğu festivalda “Neftçi” klubunun və Azərbaycan milli komandasının üzvü Emin Mahmudov və “Zirə” komandasının oyunçusu Ruslan Abışovla birlikdə qadınlardan ibarət milli komandanın üzvü Manə Mollayeva da iştirak edib.

Tədbirin sonunda iştirakçılara AFFA tərəfindən müxtəlif hədiyyələr təqdim edilib. Hədiyyələri iştirakçılara Kütləvi futbol departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, futbolun sosial məsuliyyəti üzrə meneceri Kifayət Mustafayeva və milli komandanın üzvləri təqdim ediblər.

Xəbər 289 dəfə oxundu.