Murad Bazarov dünya çempionu oldu
TaIlandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya birinciliyinə start verilib. İdman.com.az saytının məlumatına görə, birinciliyin ilk günü Azərbaycan yığması uçun uğurlu olub. Belə ki, yunan-Roma güləşçilərinin mübarizəsində 50 kq çəki dərəcəsində millimizin üzvü Murad Bazarov dünya çempionu adını qazanıb.

O, “qızıl”a gedən yolda irlandiyalı Aşkan Həsən Qolikiani (1:0; 4:0), koreyalı Hyeok Jin Jeonu (1:0; 4:0), türkiyəli Tolqahan Karataşı (1:0, 2:0) və israilli Andrey Tsaryuku (0:2, 1:0, 1:0) yarışdan kənarlaşdırıb.

Həlledici görüşdə təmsilçimizin rəqibi rusiyalı Artur Labazanov olub. Yeniyetmələrin I Sinqapur Olimpiadasının qalibi ilk hissəni 0:1 hesabı ilə uduzsa da, ardıcıl – 2:0 və 1:0 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Təəssüf ki, ondan fərqli, bu gün döşəyə çıxan digər yunan-Roma güləşçilərimiz – Rövşən Tağıyev (50 kq), Şamil Ertuqanov (74 kq) və Abas Abdullayev (96 kq) mükafatçılar sırasına düşə bilməyiblər.
Qeyd edək ki, birincilik sentyabrın 11-nə kimi davam edəcək.

Xəbər 3911 dəfə oxundu.