“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib
Aprelin 15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.

Məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.

Rayon birinciliyi Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Veteranlar Təşkilatının birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilib.

Yarışda rayonun 20 məktəb komandası tərkibində 280 məktəbli (onlardan 80 nəfəri qızlardır) iştirak edib. Yekun nəticələrə görə, 207 nömrəli tam orta məktəb, 258 nömrəli tam orta məktəb, 45 nömrəli tam orta məktəb və 193 nömrəli tam orta məktəb qalib gəliblər.

Oyunlarda birinci, ikinci və üçüncü yerləri tutan komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Qalib komanda məktəblilər arasında keçiriləcək şəhər üzrə zona birinciliyinə vəsiqə qazanıb.

Xəbər 199 dəfə oxundu.