Azərbaycanın ağır atletika üzrə yığma komandalarının baş məşqçisi müəyyənləşib
Aprelin 25-də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) idarə heyətinin iclası keçirilib.

iclasda aprelin 9-10-da keçirilmiş Azərbaycan çempionatının nəticələri, yığma komandanın formalaşdırılması, beynəlxalq turnirlərdə iştirak və digər məsələlərlə bağlı müzakirələr aparılıb, bir sıra qərarlar qəbul olunub. Qərarlara əsasən, Rizvan Rəsulov AAAF-ın baş katibi, Kamran Əliyev icraçı direktor, Emil Əliyev Azərbaycan yığma komandalarının baş məşqçisi, Asif Məmmədov kişilərdən ibarət yığma komanda üzrə böyük məşqçi, Sərdar Həsənov qadınlardan ibarət yığma komanda üzrə böyük məşqçi, Oktay Muxtarov isə yeniyetmələrdən ibarət yığma komanda üzrə böyük məşqçi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, baş məşqçi Emil Əliyev 1977-ci ildə Sumqayıtda anadan olub. O, 1994-1998-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Uzun müddət Azərbaycan yığma komandasında idmançı kimi çıxış edib. Dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların iştirakçısı və medalçısı olub. Ustad ağır atletlər arasında üçqat Avropa çempionu, dünya kubokunun sahibi, dünya çempionatının gümüş medalçısıdır. Ağır atletika üzrə Azərbaycan Respublikasının İdman ustasıdır.

E.Əliyev məşqçilik fəaliyyətinə 2013-cü ildə başlayıb. O, 2016-cı ildə “Zirvə” Beynəlxalq İdman klublarında işləyib, 2017-ci ildən isə fəaliyyətini Mərkəzi Ordu İdman Klubunda davam etdirib və bu günə qədər orada çalışıb. E.Əliyev 2017-2018-ci illərdə Azərbaycanın gənc ağır atletlərdən ibarət yığma komandasında məşqçi işləyib.

Xəbər 298 dəfə oxundu.