Premyer Liqanın təqvimində dəyişiklik edilib
Azərbaycan Premyer Liqasının təqvimində dəyişikliklər olub. İdman.com.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası ölkə çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə düşməsini nəzərə alaraq, 14 oyunun vaxtında dəyişiklik edib.
Avropa Liqasının “Partizan” – “Neftçi” matçı sentyabrın 20-nə təyin olunduğu üçün V turun “Neftçi” – “Xəzər Lənkəran” matçı sentyabr 16-dan 15-nə keçirilib.

Oktyabrın 4-dəki “Neftçi” – “İnter” oyunu isə 3 matçın vaxtının dəyişdirilməsinə səbəb olub. VI turun “Sumqayıt” – “Neftçi” qarşılaşması sentyabrın 25-dən 24-nə, VII turun “İnter” – “Neftçi” görüşü 29-dan 28-nə keçirilib. VIII turun oktyabrın 3-də baş tutmalı olan “Neftçi” – “Turan” matçı 5 gün gec keçiriləcək.

Avropa Liqasının “Rubin” – “Neftçi” matçı oktyabrın 25-nə təyin olunduğundan Premyer Liqanın 2 oyununun vaxtı dəyişib. IX turun “Neftçi” – “Kəpəz” oyunu oktyabrın 20-dən 19-na, X turun “Rəvan” – “Neftçi” qarşılaşması 27-dən 28-nə dəyişdirilib.

Noyabrın 8-də keçiriləcək “Neftçi” – “Rubin” matçı XII turun “Qəbələ” – “Neftçi” oyununa təsir edib. Bu qarşılaşma noyabrın 4-də deyil, 3-də baş tutacaq.
“Neftçi” – “Partizan” görüşü noyabrın 22-də keçirilməli olduğundan XIII turun “Neftçi” – “Sumqayıt” matçı noyabrın 18-də deyil, 1 gün əvvəl baş tutacaq.

Avropa Liqasının son turunun “İnter” – “Neftçi” matçı dekabrın 6-na təyin olunduğu üçün XVI turun “Neftçi” – “Rəvan” oyunu dekabrın 8-dən 10-na keçirilib.
Premyer Liqanın I turunun təxirə salınmış “Neftçi” – “Bakı” qarşılaşması dekabr 18-nə təyin olunub. XVIII turun “Neftçi” – AzAL və “İnter” – “Bakı” matçları isə dekabrın 21-dən 22-nə keçirilib.

IV turun təxirə salınmış AzAL – “Neftçi” matçı isə gələn ilə qalıb. 3-cü dəfə təxirə salınan matç fevralın 13-də baş tutacaq. Bu üzdən 2013-cü il fevralın 10-da baş tutmalı olan XIX turun “Kəpəz” – “Neftçi” görüşü də 1 gün tez baş tutacaq.

Xəbər 1017 dəfə oxundu.