Rumıniya millisinin Bakıda keçiriləcək dünya kuboku yarışları üçün heyəti açıqlanıb
Aprelin 22-dən 24-dək Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək. Mötəbər yarışda 33 ölkədən 140 idmançının iştirakı gözlənilir.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, dünya kuboku yarışında iştirak edəcək Rumıniya yığma komandasının heyəti açıqlanıb. Yarışda Rumıniyanı Andria Verdes və Annalize Draqan təmsil edəcəklər.

Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq doqquzuncu dünya kuboku yarışları olacaq. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Dünya kuboku yarışlarında ölkəmizi fərdi proqramda Arzu Cəlilova, Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Sarya Sorokina təmsil edəcəklər.

Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında bu növ üzrə də yarışları izləmək imkanı əldə edəcəklər. Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.

Xəbər 240 dəfə oxundu.