UFC döyüşçüsü Rafael Fiziyev: Azərbaycana gəlmək çoxdankı arzum idi
Məni Azərbaycana Gənclər və İdman Nazirliyi dəvət edib. Azərbaycana gəlmək çoxdankı arzum idi. Buranı görməyi çox istəyirdim.

Bunu Bakıda səfərdə olan Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev aprelin 13-də təşkil olunan mətbuat konfransında deyib.

İyirmi doqquz yaşlı UFC döyüşçüsü Azərbaycana səfərindən məmnunluğunu ifadə edib: “Bakıda olduğum üçün xoşbəxtəm. Çox gözəl və təmiz şəhərdir. Şəhərdə doğmalıq hiss etdim”.

Koronavirusa görə sonuncu döyüşünü buraxan idmançı hazırkı vəziyyəti haqqında da danışıb: “Artıq bərpa olunmuşam. Hər şey normaldır. Növbəti döyüşlərə hazırlaşıram”.

R.Fiziyev bildirib ki, Bakıda azarkeşlərim çoxdur. Ancaq burada döyüş keçirmək məndən asılı məsələ deyil. Azərbaycanda yaxşı idmançılar var. MMA-nın inkişafı üçün beynəlxalq standartlara cavab verən bazalar mövcuddur. Azərbaycanda yaxşı güləşçilər və cüdoçuların olduğunu deyə bilərəm. Hansı ki, onlar kifayət qədər titullar qazanıblar. MMA-da isə Tofiq Musayev və Nəriman Abbasovun adlarını çəkə bilərəm. Onlar Rusiyada çoxlu qələbə əldə ediblər. İnanıram ki, bu idman növü Azərbaycanda daha da inkişaf edəcək.

Xəbər 291 dəfə oxundu.