Bizə qələbə sevinci yaşadan idmançılarla görüş
Bu günlərdə Budapeştdə keçirilən Avropa çempionatında güləşçilərimiz böyük qələbə qazanaraq bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırıblar. Güləş üzrə milli komandalarımız son bir ayda iki Avropa çempionatında ölkəmizi uğurla təmsil ediblər. Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatının ardınca Macarıstanda keçirilmiş böyüklərin qitə birinciliyində də idmançılarımız yüksək nəticələr qazanıblar. Bu yarışda komandamız ümumilikdə 3 qızıl, 6 gümüş və 7 bürünc medala sahib olub. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalarımız komanda hesabında Avropa çempionu olub. Hər iki komandanın eyni vaxtda Avropa çempionu olması güləş tariximizdə yeni rekorddur.

Prezident İlham Əliyevin aprelin 8-də Macarıstanda keçirilmiş Avropa çempionatında yüksək nəticələr göstərən Azərbaycan millisinin üzvlərini qəbul etməsi güləşçilərimiz üçün böyük stimul oldu. Bu isə öz növbəsində ölkəmizin idman sahəsində tarixi nailiyyətlərinə verilən yüksək dəyərin təzahürüdür.

Avropa çempionatında yüksək nəticələr göstərən Azərbaycan millisinin üzvləri üçqat dünya və Avropa çempionu Hacı Əliyev, dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli “Respublika” qəzeti redaksiyasının qonağı olublar.

Tədbiri giriş sözü ilə açan “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayev güləşçilərimizi salamlayaraq komandamızın bütün üzvlərini qazandıqları böyük qələbə münasibətilə təbrik edib. O, bildirib ki, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən ötən dövr ərzində ölkəmizdə bir çox sahələrdə böyük inkişaf və tarixi zəfər dövrü yaşadıq. Bu gün hamımız bu fəxarətli anlardan böyük qürur hissi ilə danışırıq. Artıq ölkəmizdə digər sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər əldə edilib. Bu isə idmana ölkəmizdə göstərilən diqqət və qayğının nəticəsidir. Bu ilin sonunda Milli Olimpiya Komitəsinin 30 illiyini qeyd edəcəyik. Bu sahədəki nailiyyətlər həm də sübut edir ki, Azərbaycanda idmanın prioritet istiqamət kimi infrastrukturu çox mükəmməl qurulub. Bölgələrdə də Olimpiya İdman komplekslərinin müasir tələblərə uyğun şəkildə yaradılması, istifadəyə verilməsi sağlam, fiziki və mənəvi cəhətdən yetişmiş böyük bir idmançı ordusu yaradıb.

Baş redaktor sözü hamının sevimlisi, üçqat dünya və Avropa çempionu Hacı Əliyevə verib. Özünün və ölkəmizin idman uğurlarından danışan H.Əliyev qeyd edib ki, 2017-ci ildə mən üçüncü dəfə dünya çempionu olduğum zaman Azərbaycan Prezidenti ilə görüşümüzdə dövlətimizin başçısı qeyd edib ki, üç dəfə dünya çempionu olmaq Olimpiya çempionu olmağa bərabərdir. Amma budəfəki görüşdə Prezident mənə: “sən artıq Olimpiya çempionusan”, - dedi. Mən çalışacağam ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarında qalib olum, həm öz arzumu, həm dövlətimizin başçısının istəyini yerinə yetirim. Sözsüz ki, Olimpiya çempionu olmaq, dövlətimizin başçısı tərəfindən belə sayılıb-seçilmək hər bir idmançı üçün qürurdur. Onu da qeyd edim ki, dövlətimizin başçısının yarışların ən xırda və diqqətçəkən anlarına qədər məlumatlı olması bir daha göstərdi ki, idmanımızla daha çox maraqlanır. Bizim qazandığımız nəticələrin əsasında isə idmançılara dövlət tərəfindən göstərilən diqqət və qayğı dayanır. Arzu edirəm ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarında idmançılarımız gözəl nəticələr əldə etsinlər, həm ölkəmizi, həm də dövlətimizin başçısını sevindirsinlər.

Sonra möhtəşəm qələbənin sevincini bölüşən ikiqat Avropa çempionu Eldəniz Əzizli deyib ki, Macarıstanda, tək mən yox, bütün komanda yoldaşlarım yaxşı güləşdi. Toplamda 165 xal qazandıq, güləş tarixində ilk dəfə idi ki, Avropa çempionu olduq. Mənim Avropa çempionatında çıxışlarıma gəldikdə, deyə bilərəm ki, hər şey yaxşı keçdi, Avropa çempionu oldum. Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə qayıdan kimi bizi qəbul edib, uğurlarımızı yüksək qiymətləndirdi. Buna görə dövlətimizin başçısına minnətdarlığımızı bildirirəm. Həqiqətən Prezidentin diqqəti, tövsiyələrini verməsi bizi gələcək yarışlara daha da həvəsləndirir. Bundan əlavə, noyabrın 5-6-da Bakıda ilk dəfə olaraq yunan-Roma güləşi üzrə dünya kuboku yarışları keçiriləcək. Çalışacağıq ki, o yarışda da çempion olaq.

Səmimi və açıq polemika şəraitində maraqla keçən görüşdə idmançılar qəzetin əməkdaşlarının suallarını cavablandırıblar. İdman yarışlarında keçirdikləri hiss, həyəcan və qələbə təəssüratlarını bölüşüblər. Güləşçilərimiz idmanda qazandıqları uğurlardan ətraflı danışaraq dövlətimizin başçısının ölkədə idmanın inkişafına göstərdiyi böyük dəstək, diqqət və qayğıya görə məmnunluqlarını ifadə edib, redaksiya heyətinə səmimi görüşə görə təşəkkürlərini bildiriblər.

Sonda Azərbaycanın fəxri olan güləşçilərə redaksiyanın xüsusi xatirə hədiyyələri təqdim edilib və birgə foto çəkilib.

Xəbər 254 dəfə oxundu.