Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan çempionatının açılış mərasimi olub
Aprelin 13-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan çempionatının açılış mərasimi olub.

“Şüa” İdman-Sağlamlıq Kompleksində təşkil olunan ölkə birinciliyinin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və iştirakçılara uğurlar arzulayıb.

Baş katib deyib: “Çempionatda Bakı və Sumqayıt idmançıları ilə yanaşı, Gəncə, Samux, Qusar, Gədəbəy, Salyan, Şirvan və Nabrandan olan tennisçilər də güclərini sınayırlar. Bu il stolüstü tennisçilərimizi ciddi sınaqlar gözləyir. Avqustda Türkiyənin Konya şəhərində beşinci İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Böyüklərdən ibarət milli komandamız bu mötəbər yarışa hazırlığı davam etdirir. Aprelin sonunda komandamızın Türkiyədə təlim-məşq toplanışı nəzərdə tutulub. Həmçinin dostluq görüşləri də keçiriləcək. Ölkə daxilində də hazırlıq prosesinin təşkili planlaşdırılır.

Çempionat şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçirilir.

Dörd gün davam edəcək yarışın keçirilməsində əsas məqsəd stolüstü tennisin təbliği, perspektivli idmançıların üzə çıxarılması, bu idman növünün inkişafına töhfə verməkdir.

Fərqlənən idmançılara federasiyanın mükafatları təqdim olunacaq. Fəxri kürsüyə yüksələn tennisçilər, həmçinin milli komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

Xəbər 253 dəfə oxundu.