İlqar Rəhimov: Əsas məqsədimiz boccia millimizin “Paris-2024”də təmsil olunmasıdır
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş “İntercontinental Challenger” çempionatında uğurla çıxış edən boccia üzrə millimizin üzləri ilə görüşüb.

Görüşdə İ.Rəhimov deyib: “Komandanı uğurlu çıxış münasibətilə təbrik edirəm. Yarışın gərgin idman mübarizəsi şəraitində keçməyinə baxmayaraq, idmançılarımız qarşılarına qoyulan vəzifənin öhdəsindən layiqincə gəldilər, Azərbaycan bayrağını zirvələrə ucaldaraq himnimizi səsləndirdilər”.

Komitə prezidenti görüş zamanı idmançılara qarşıdakı yarışlarda uğurlar arzulayaraq bildirib ki, əsas məqsədimiz boccia millimizin “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarında ilk dəfə təmsil olunmasıdır.

Boccia İdman Federasiyasının baş katibi, milli komandanın baş məşqçisi İlham Məhərrəmov və komanda üzvləri qarşıya qoyulan məqsədlərə çatmaq üçün bundan sonra da intensiv şəkildə məşqləri davam etdirəcəklərini açıqlayıblar.

Qeyd edək ki, “İntercontinental Challenger” çempionatında millimizin üzvlərindən Bəhruz Mirzəyev və Sona Ağayeva qızıl, Orxan Kərimov isə bürünc medal qazanıblar.

Xəbər 347 dəfə oxundu.