Vətən müharibəsi şəhidi Ömər Rəhimlinin xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) Vətən müharibəsi şəhidi Ömər Rəhimlinin xatirəsinə həsr olunan onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Ömər Rəhimlinin atası Rəşad Rəhimov, Baş İdarəsinin rəisi Raqif Abbasov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev, şəhidin sərbəst güləş üzrə məşqçisi olmuş Cavidan İsmayılzadə, turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

R.Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində yaşayacağını bildirib. İgid oğul böyütdükləri üçün şəhidin ailəsinə minnətdarlıq edən R.Abbasov qeyd edib ki, bu cür turnirlərin keçirilməsində əsas məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etməkdən ibarətdir.

Şəhid Ömər Rəhimlinin atası R.Rəhimov idmançılara uğurlar arzulayıb, övladının xatirəsinin əziz tutulmasına görə minnətdarlığını bildirib.

Oğlanların yarışında Allahverdi Həmidov birinci olub. İsmayıl Süleymanlı yarışı ikinci, Məmməd Məmmədzadə isə üçüncü pillədə başa vurublar. Qızların mübarizəsində Aytac Məmmədova, Məryəm Ağaverdiyeva və Səlbinaz İsmayılova ilk üçlükdə yer alıblar.

Sonda qaliblər Baş İdarə tərəfindən medal və xatirə diplomları ilə mükafatlandırıblar.

Şəhid Ömər Rəhimli “Şuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbər 252 dəfə oxundu.