Yeniyetmə cüdoçularımız Strasburqda Avropa kubokunda uğurla çıxış ediblər
Fransanın Strasburq şəhərində keçirilən yeniyetmələrin Avropa kuboku turnirində Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.

Yığma komandamızın 18 üzvünün təmsil olunduğu yarışda idmançılarımız 1-i qızıl, 3-ü gümüş və 5-i bürünc olmaqla 9 medal qazanıblar. Qızıl medalı komandamızın aktivinə 60 kiloqram çəki dərəcəsində yarışan Nizami İmranov yazdırıb. Məhəmməd Musayev (55 kq), Nicat Nağıyev (66 kq), Əli Hacızadə (73 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıblar. Xaliq Məmmədov, Məhəmməd Məmişov (50 kq), Şahin Oruczadə (55 kq), Əbil Yusubov (66 kq), Nahid Tarquliyev (73 kq) isə bürünc medal əldə ediblər.

Komandamız yarışı ümumi hesabda üçüncü, kişilər arasında isə ikinci yerdə tamamlayıb.

Xəbər 418 dəfə oxundu.