Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub
Aprelin 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

Turun son iki oyununda "Neftçi" səfərdə "Səbail"lə, "Zirə" isə "Sumqayıt"la qarşılaşıb. Hər iki görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"ASCO Arena"dakı görüşdə "Ağ-qaralar"ın yeganə qolunu 71-ci dəqiqədə Tiaqo Bezerra vurub.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran Samir Abasovun yetirrmələri həm 2-ci pillədəki mövqelərini möhkəmləndirib, həm də sona 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib. "Dənizçilər" 14 xalla sonuncu - 8-ci sırada qalıblar.

Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan görüşdəki qolun müəllifi isə Davit Volkov olub. Gürcüstanlı hücumçu matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə fərqlənib. Bu qələbədən sonra "Zirə" 42 xalla 3-cü, "Gənclik şəhəri"nin təmsilçisi isə 15 xalla 7-cidir.

Qeyd edək ki, turun açılış matçında "Qarabağ" Qəbələdə eyniadlı komandaya 2:0 hesablı qələbə ilə qalib gəlib. Digər matçda isə "Sabah" "Şamaxı"nı darmadağın edib - 5:1.

Xəbər 232 dəfə oxundu.