Azərbaycanın qrup hərəkətləri komandası 5 halqa ilə proqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışları çərçivəsində qrup hərəkətləri üzrə Azərbaycan komandası 5 halqa ilə proqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət komandamızın final çıxışı hakimlərdən 32.850 xal alaraq birinci yeri tutub.

İtaliya komandası 32,450 xalla gümüş, İsrail gimnastları isə 32,050 xalla üçüncü olublar.

Ötən gün qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında gümüş medal qazanıb.

Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 570 dəfə oxundu.