Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunlarına start verilir
Aprelin 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunlarına start veriləcək.

Turun bütün matçları eyni gündə baş tutacaq.

Günün ilk matçında 55 xalla lider olan "Qarabağ" 35 xalla 4-cü sıradakı "Qəbələ"nin qonağı olacaq. "Köhlən atlar" qələbə qazansa, ölkə çempionluğunu vaxtından əvvəl rəsmiləşdirə bilər. Bunun üçün "Neftçi"nin "Səbail" səfərində xal itirməlidir.

Komandalar ölkə çempionatlarında 53 dəfə üz-üzə gəliblər. Bunların 28-də Ağdam təmsilçisi, 10-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 83:43. "Qırmızı-qaralar" Premyer Liqada 15 oyundur qalib gəlmir. Qonaqlar isə son iki səfər görüşündə qol buraxmayıb.

Günün ikinci matçında avrokuboklara iddialı "Sabah" "Şamaxı"nı qəbul edəcək. Paytaxt klubu 32 xalla 5-ci, əyalət təmsilçisi 20 xalla 6-cıdır. Bu, tərəflərin Premyer Liqada 14-cü oyunu olacaq. Əvvəlki 13 qarşılaşmanın 5-də "Şamaxı", 3-də "Sabah" meydanı 3 xalla tərk edib. Topların nisbətində də qonaqlar öndədir - 15:9. "Sabah” son iki matçda qələbə qazanıb. “Şamaxı” səfərdəki bütün oyunlarda qol vurub.

Avrokuboklara digər iddialı komanda "Zirə" "Sumqayıt"la üz-üzə gələcək. "Qartallar" 39 xalla 3-cü, meydan sahibləri 15 xalla 7-ci pillədədir. Komandalar Premyer Liqada 26 dəfə üz-üzə gəliblər. Bunların 13-də paytaxt klubu, 6-da "gənclik şəhəri" təmsilçisi qalib gəlib. Topların nisbətində "Zirə" öndədir - 34:21. Qonaqlar son 3 oyunda qalib gəlib. “Sumqayıt” son 5 qarşılaşmada qol vurmayıb.

Bu tur "Neftçi" avrokuboklara vəsiqəni təmin edə bilər. "Ağ-qaralar" "Səbail"i məğlub edəcəyi təqdirdə istəyinə çatacaq. Son ölkə çempionu 44 xalla ikinci, "dənizçilər" 14 xalla sonuncu - 8-ci yerdədir. "Neftçi" Premyer Liqada rəqibinə 13 dəfə qalib gəlibsə, yalnız 2-də uduzub. 3 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də flaqmanın aşkar üstünlüyü var - 40:11. Neftçi” ardıcıl 7 oyundur qələbə qazanır. “Səbail” son iki oyunda qol vurmayıb.

Xəbər 246 dəfə oxundu.