Avropa birinciliyində uğurla çıxış edən gənc boksçularımız Bakıya qayıdıblar
Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş gənc boksçular arasında Avropa birinciliyində 1 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığmasının üzvləri Bakıya qayıdıblar.

Komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiyanın əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və bokssevərlər qarşılayıblar.

Qarşılanma mərasimində milli komandanın baş məşqçisi Elbrus Rzayev yarışın Azərbaycan yığması üçün uğurlu alındığını vurğulayıb. Qeyd edib ki, idmana göstərilən dövlət qayğısı boksçularımızın inamlı çıxışında böyük rol oynayıb: “Yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Bakıda və Ərzurumda iki təlim-məşq toplanışına qatıldıq. Sonuncu toplanışda Türkiyə və Əlcəzair yığmaları ilə birgə hazırlıq keçdik. Komanda yarışa psixoloji və texniki-taktiki baxımdan yaxşı vəziyyətdə yollandı. Düzdür, Avropa birinciliyində püşkdə bir qədər bəxtimiz gətirmədi. Buna baxmayaraq, 40 ölkə arasında milli komanda inamlı çıxış etdi. Belə ki, 13 çəki dərəcəsinin birində Azərbaycan boksçusu Kənan Babayev qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Amin Məmmədzadə isə bürünc medala sahib oldu. O, dörddəbir finalda erməni boksçu üzərində inamlı qələbə qazandı. Digər boksçularımız da lazımı təcrübə topladılar. İnanıram ki, qarşıdakı yarışda onlar daha yaxşı nəticə göstərəcəklər”.

Yığmanın hədəfləri barədə də danışan baş məşqçi bildirib ki, bu il əsas məqsəd noyabrda keçiriləcək dünya birinciliyinə yaxşı hazırlaşaraq daha çox medal qazanmaqdır: “Bunun üçün sınaq görüşləri və təlim-məşq toplanışlarımız olacaq. Bir neçə beynəlxalq turnirə qatılmağı planlaşdırırıq. Dünya birinciliyində daha yaxşı nəticə göstərməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi üç illik fasilədən sonra Avropa birinciliyində qızıl medal qazanıb. Çempion adını qazanan Kənan Babayev (48 kq) bu qələbə ilə kifayətlənmək niyyətində olmadığını açıqlayaraq deyib: “Görüşlərim çox çətin alındı. Avropa birinciliyində zəif boksçuların olmadığını bilirik. Ən çətin görüşüm gürcüstanlı Oruc Əhmədovla keçdi. Final isə rahat idi. Rəqibi əsasən, fiziki cəhətdən üstələdim və güclü zərbələr hesabına qalib gəldim. Əsas odur ki, hər şey istədiyi kimi alındı və çempion tituluna yiyələndim. Lakin bununla kifayətlənmək fikrində deyiləm. Növbəti hədəfim bu il keçiriləcək dünya birinciliyində də eyni nailiyyəti təkrarlamaqdır”.

Avropa birinciliyində 51 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Amin Məmmədzadə isə debütdə yiyələndiyi mükafatı növbəti yarışda “qızıl”a çevirəcəyinə inam ifadə edib: “Avropa birinciliyinə ilk dəfə qatılırdım. Birinci qarşılaşmada İrlandiya boksçusu ilə üz-üzə gəldim və onu 5:0 hesabı ilə məğlub etdim. Ardınca Ermənistan təmsilçisi ilə döyüşdüm. Çox həyəcanlı idim. Bu döyüşdə də inamlı qələbə qazandım. Qələbədən sonra qazilərimizdən məni təbrik edənlər oldu. Hər birinə təşəkkürümü bildirirəm. Yarımfinalda isə qarşılaşdığım gürcüstanlı boksçu finala yüksəldiyindən bürünc medala yiyələndim. Əsas məqsədim bu mükafatın əyarını yüksəltməkdir. Qarşıda bizi dünya birinciliyi gözləyir. Söz verirəm ki, orda dünya çempionu olacağam”.

Avropa birinciliyində 40 ölkədən 400-dən çox boksçu qüvvəsini sınayıb. Oğlanların yarışında fəxri kürsüyə 23 komandanın idmançısı yüksəlib və onlardan 8 ölkənin himni səslənib.

Xəbər 239 dəfə oxundu.