Gimnastımız dünya kuboku turnirində gürzlər ilə yarışın finalına adlayıb
Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində gürzlər ilə yarışın finalçıları müəyyənləşib.

Azərbaycan təmsilçisi Zöhrə Ağamirova həlledici mərhələ adlayıb. Finalda Azərbaycan idmançısı ilə yanaşı, italiyalı Sofia Raffaeli, Milena Baldassarri, Latviya idmançısı Yelizaveta Polstyanaya, sloveniyalı Yekaterina Vedeneeva, Macarıstan gimnastı Viktoria Evelin Koçsis, qazaxıstanlı Eljana Tanıyeva və israilli Darya Atamanov da çıxış edəcəklər.

Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Aprelin 24-dək davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Xəbər 1159 dəfə oxundu.