Basketbol üzrə respublika birinciliyinin zona mərhələsinə yekun vurulub
Təhsil Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının ümumtəhsil məktəblərinin V sinif şagirdləri arasında dörd mərhələ üzrə təşkil etdiyi basketbol üzrə respublika birinciliyinin zona yarışlarına yekun vurulub.

Yarışların keçirilməsində məqsəd məktəblilər arasında basketbolu təbliğ etmək, istedadlı məktəbliləri idmanın bu növünə cəlb etmək, uşaqlar arasında dostluq əlaqələrini gücləndirməkdən ibarətdir.

Yarışların bu mərhələsində 70 rayon (şəhər) üzrə 66-sı qız və 70-i isə oğlanlardan ibarət olmaqla 136 komanda mübarizə aparıb. Ümumilikdə 1302, o cümlədən 681 oğlan və 621 qız şagird yarışlarda çıxış edib.

Zona mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə Nərimanov, Səbail, Gəncə, Yevlax, Sumqayıt, Şabran, Cəlilabad, Astara, Şəki, Zaqatala, Şirvan, Hacıqabul rayon və şəhərlərinin oğlanlardan ibarət komandaları finala vəsiqə qazanıb.

Qızların mübarizəsində Bakı şəhəri üzrə Səbail, Nərimanov, Göygöl, Gəncə, Abşeron, Sumqayıt, Astara, Lənkəran, Zaqatala, Şəki, İmişli, Şirvan rayon və şəhərlərinin komandaları müvafiq olaraq birinci və ikinci yerləri tutaraq finalda iştirak etmək hüququ qazanıblar.
Yarışın final mərhələsi mayın 19-26-da Bakıda keçiriləcək. Bu mərhələdə 12 qız və 12 oğlan olmaqla 24 komanda mübarizə aparacaq.

Xəbər 491 dəfə oxundu.